Şamaxıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi

samaxida-heyder-eliyev-ve-azerbaycanciliq-mefkuresi-movzusunda-konfrans-kecirildi
Oxunma sayı: 1750

Bu gün “Heydər Əliyev İli” çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev, professor İsaxan Vəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və  ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, azərbaycançılıq məfkurəsinin yaranması və müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasına çevrilməsinin Heydər Əliyevin adı ilə bağlı olmasını bildirib. 

“Heydər Əliyev elm və təhsilin qüdrətli hamisi”  mövzusunda  çıxış edən  Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin respublikamızda elm və təhsilin inkişafı istiqamətində  gördüyü  işlərdən, milli kadr potensialının hazırlanmasındakı xidmətlərindən danışıb.

Konfransda digər çıxış edənlər professor Əlikram Abdullayev və professor İsaxan Vəliyev Ulu Öndər Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olmasından, azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyindən və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırılmasından geniş söhbət açıblar.

Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.