Şamaxıda “Şəbədə” tamaşası nümayiş etdirilib

samaxida-sebede-tamasasi-numayis-etdirilib
Oxunma sayı: 2336

“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri həyata keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. 

Novruz bayramının ilk günündə başlayan qastrol proqramı çərçivəsində birinci Azərbaycan Dövlət “Yuğ” Teatrı “Şəbədə” tamaşasını Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.

Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” (1855) pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Rolları Xalq artisti Vidadi Həsənova (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) canlandırıblar.

Səhnə əsəri izləyicilər tərəfindən maraqla qarşılanıb.