Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - Foto

secicileri-agalar-veliyevi-yeniden-deputat-gormek-isteyir
Oxunma sayı: 2277

Yeni Azərbaycan Partiyasından 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyev artıq bir neçə gündür ki, adıçəkilən rayonların qəsəbə və kəndlərində seçiciləri ilə müntəzəm görüşlər keçirir. Kütləvi görüşlərdən əvvəl Ağalar Vəliyev özünün həyat amalına və iş prinsiplərinə uyğun olaraq ilk növbədə dövlətimiz qarşısında xidmətləri olan, imtiyazlı ailələrlə, o cümlədən Milli Qəhrəman və şəhid ailələrinin evlərində onların ailə üzvləri ilə səmimi şəraitdə görüşməyə üstünlük verib.

“Qafqazinfo” xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində, Tap Qaraqoyunlu və Tatarlı kəndlərində Milli Qəhrəmanlar Yunis Əliyevin, Niyazi Aslanovun və Sərxan Ocaqverdiyevin ailə üzvləri ilə keçirilən görüşlərdə prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu qəbildən olan insanlara gündəlik diqqət və qayğısından söz açılıb.

Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva deputatlıq fəaliyyəti dövründə Ağalar Vəliyevin şəhid ailələrinə və Qarabağ əlillərinə xüsusi həssaslıqla yanaşdığını, onların sosial problemlərinin həllinə hər zaman dəstək göstərdiyini və bu qəbildən olan 850 aztəminatlı ailəyə hər bayramda bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırdığını bildirib. Milli Qəhrəman anası rayonun şəhid ailələrinin ümumi fikrini ifadə edərək Ağalar Vəliyevin yenidən Milli Məclisin deputatı kimi görmək istədiklərini dilə gətirib.

Goranboy rayonu Ağsaqqallar Şurasının sədri Tariyel Abbasovun fikrincə, Ağalar Vəliyev 2015-2019-cu illərdə 97 saylı Goranboy –Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı olduğu dövrdə uğurlu dövlət siyasətinə hər zaman dəstək verib və adı çəkilən rayonlarda həyata keçirilən quruculuq və abadlıq işlərinə öz köməkliyini əsirgəməyib. Ağsaqqallara, ağbirçəklərə, ahıl insanlara olan həssas münasibət onların Ağalar Vəliyevin yenidən millət vəkili kimi görmək istəyində ifadə olunub.

Səfikürd kənd ziyalısı Nizaməddin Məmmədov seçicilərlə keçirilən görüşdə xüsusilə vurğulayıb ki, məhz deputat tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində son dörd il ərzində 3 rayonun məzunlarından 500-dən yuxarı bal toplayan 577 tələbə, 600-dən yuxarı bal toplayan 229 tələbə, o cümlədən onun oğlu 700 bal toplayan Kənan Məmmədli millət vəkilinin təşəbbüsü ilə mükafatlandırılıb. Gələcəyimiz olan yeniyetmə və gənclərin təhsilinə göstərdiyi qayğıya görə təhsil işçiləri Ağalar Vəliyevi yenidən millət vəkilliyinə layiqli namizəd hesab edir.

Seçicilərlə görüşlər əsnasında rayonun bir sıra tanınmış simaları, o cümlədən goranboylu iş adamı Fəxrəddin Mustafayev və başqaları 2016 -cı ilin şanlı Aprel döyüşləri günlərində deputatın bilavasitə təmas xəttində yerləşən Goranboy və Ağdam rayonlarının Tap Qaraqoyunlu, Zeyvə, Mahrızlı və digər kəndlərində yerli əhali və hərbçilərlə birgə olduğunu və onlara hər cür dəstək göstərdiyini qeyd ediblər. Bu insanların fikrincə, məhz belə bir cəsarətli ictimai xadimin yenidən onları Milli Məclisdə təmsil etməsi məntiqli olardı.

Təsadüfü deyil ki, Ümid Partiyasından 97 saylı seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Məhəmməd Böyükkişiyev Ağalar Vəliyevlə səmimi görüşündə onun deputat kimi fəaliyyətini yüksək dəyərləndirib və millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərlə bağlı məlumatlı olduğunu bildirərək, onun deputatlığa daha layiqli namizəd olduğunu vurğulayıb. Məhz bu amillərə görə Məhəmməd Böyükkişiyev, deputatlığa namizədlikdən imtina edərək Ağalar Vəliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına fəal dəstək verəcəyini qeyd edib.

Ağalar Vəliyevin səmimi və işgüzar şəraitdə keçən görüşlərində sadə insanlar, zəhmət adamları, ziyalılar və yerli ictimaiyyətin digər təbəqələrinin nümayəndələri doğma Azərbaycanımızın uğurlu gələcəyi, dövlətimizin güclənməsi və xalqımızın rifahının yüksəlməsi naminə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi ona səs verəcəklərini və bununla da vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklərini bildiriblər.