Sədərəkdə ötənilki sosial-iqtisadi inkişafın yekunları müzakirə olundu - Fotolar

sederekde-otenilki-sosial-iqtisadi-inkisafin-yekunlari-muzakire-olundu
Oxunma sayı: 296

Bu gün “2025-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, YAP Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və hüquq-mühafizə orqanlarının rəhbərləri Heydərabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Sədərək Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxışında ötən ilin sosial-iqtisadi uğurlarından bəhs edib. Bildirib ki, 2025-ci ildə Sədərəkdə 1 yanacaqdoldurma məntəqəsi və 1 iaşə xidməti yaradılıb, yeni ictimai obyektlər və digər iş yerləri istifadəyə verilib, 3 uşaq-əyləncə qurğusu və 1 sadə tipli açıq hava idman qurğuları quraşdırılıb. Həmçinin Şəhidlər Memorial Abidə kompleksinin layihələndirilməsinə başlanılıb, Dəmirçi kəndində magistral və kənddaxili yolların işıqlandırılması layihəsi hazırlanıb.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, iqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 7,6 faiz artaraq 35 milyon 892 min manat olub. Hesabat dövründə sənaye məhsulu 33,6 faiz, əsas kapitala yönəldilən vəsaitlərin dəyəri 38,1 faiz, pərakəndə ticarət dövriyyəsi 4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz artıb. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması rayonda istehsal potensialını və məşğulluq səviyyəsini yüksəldib. Ötən il sənaye məhsulunun və sənaye xarakterli xidmətlərin dəyəri 9 milyon 461 min 900 manat olub ki, bunun da böyük hissəsi qeyri-dövlət sektorunun payına düşür. 2025-ci ilin məhsulu üçün Sədərək rayonunda 2 min 643 hektardan artıq sahədə əkin aparılıb.

Naim Cahidzadə ötən il rayonda ətraf mühitin mühafizəsi, rabitə və yeni texnologiyaların tətbiqi, elektrik enerjisində keyfiyyətin artırılması, təbii qaz təchizatı sisteminin müasirləşdirilməsi, təhsil, səhiyyə, sosial müdafiə, idman və digər sahələrdə görülən işləri diqqətə çatdırıb, qarşıda duran vəzifələrdən danışıb.

Sədərək Rayon Maliyyə Şöbəsinin müdiri Məhərrəm Qədimov 2025-ci ildə yerli büdcənin icrası, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Orxan Rzayev əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilən inkişaf strategiyasının fəal iştirakçısıdır. O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn mühüm vəzifələrin, sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi və dövlət proqramının vaxtında, keyfiyyətlə və nəticəyönümlü icrasını təmin etmək əsas məqsədlərdən biridir. Mövcud strateji sənədlər və inkişaf prioritetləri nəzərə alınmaqla bu gün Naxçıvanda su, enerji, yol-nəqliyyat, rabitə, kommunal təsərrüfat sahələrində dayanıqlı və müasir həllərin tətbiqi, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində iş aparılır. Kənd təsərrüfatı, turizm və xidmət sahələrinin inkişafı, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması məqsədilə yerli potensialdan səmərəli istifadə olunması, investisiya təşviqlərinin genişləndirilməsi, müasir infrastrukturun formalaşdırılması və biznes subyektlərinin inkişafı üçün ardıcıl və nəticəyönümlü tədbirlər həyata keçirilir.

Samir Seyidəhmədli bildirib ki, bu gün məşğulluq sahəsində islahatların davam etdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində əmək bazarının tələblərinə uyğun yeni iş yerlərinin yaradılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, peşə hazırlığı və ixtisasartırma tədbirlərinin gücləndirilməsi, eləcə də sosial müdafiə mexanizmlərinin daha ünvanlı və səmərəli şəkildə tətbiqi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Səlahiyyətli nümayəndənin müavini sonda əminliklə qeyd edib ki, dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq görülən işlər xalqımızın rifahının daha da yüksəlməsinə və Azərbaycanın uzunmüddətli tərəqqisinə möhkəm zəmin yaradacaqdır.