Şəhid anasının səsi gələndə, bir şair yıxılıb qalır içimdə...

sehid-anasinin-sesi-gelende-bir-sair-yixilib-qalir-icimde
Oxunma sayı: 2308

Yazıçı-publisist Sərdar Amin Vətən müharibəsində canlarından keçən qəhrəmanların əziz xatirəsinə şeir həsr edib. 

"Qafqazinfo" hələ 2020-ci ildə ildə qələmə alınan şeiri Anım Günü münasibətilə oxuculara təqdim edir: 

Bir dəqiqə sükut!

Bir dəqiqə sükut... Gəmi siqnalı...
On milyon havalı gözü qapalı,
On milyon cüt dodaq dua pıçıldar,
On milyon təsəlli yarımçıq qalar.

Damarımda axır qürbət suları,
Guya mən şairəm, Vurğun misalı.
Amma şəhid adı, nəşi gələndə,
Şəhid anasının səsi gələndə,
Ayrı bir ölçüdə, ayrı biçimdə,
bir şair yıxılıb qalır içimdə...

Nə özüm müsəlləh, cəsur əsgərəm,
Nə də bir süngüdür əlimdə qələm.

Amma gün gələcək, Vurğun doğacaq,
Bəlkə bir az təbi solğun doğacaq.
Hərçənd xatirəniz şimşək kimidir,
Gora danışırlar, ölü dirilir.
Dirildər o təbi solğun yetimi,
Bu xatirə ona bir vurğun kimi
Belə yazdırar:

“Keçsə aylar, illər, keçsə nə qədər,
Bu gündən dünyanın sonuna qədər.
Gecənin bağrında dan döyünəndə,
Üfüqlər sürməyi don geyinəndə,
Ulduz tək görünüb gözdən itəcək,
İki min yeddi yüz səksən üç ürək...”