Mayın 27-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, şəhid ailələrinin nümayəndələrinin, müharibə veteranlarının iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 105-ci ildönümünü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi"ni qəbul etməklə xalqımızın suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirib.
Sonra tədbirdə Bakı Media Mərkəzinin istehsal etdiyi “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.