“Qafqazinfo” belə məqamda Nüsrət Kəsəmənlinin “Mənim bu şəhərdə kimim var axı…” və “Dəli bir ağlamaq keçir könlümdən…” adlı şeirlərini “Kitab evi”nin oxucularına təqdim edir:
“Mənim bu şəhərdə kimim var axı…”
Mənim bu şəhərdə kimim var axı;
Hər qapı döyməyə əlim gəlməyir.
Üzümü taleyə tutub gedirəm,
Tale də həmişə üzə gülməyir...
Ayağım altında tanış səkilər,
Önümdə açılan mənzərə bozdur.
Çoxdan köhnəlibdir əynimdəkilər,
Nə qədər çırpsam da, yenə də tozdur.
Gözdən oxuyuram bic tərifləri,
Məqsədli sağlıqdır hirsimi boğur,
Kiminsə başlayır həsəd ağrısı,
Mənimçün telefon hədəsi doğur...
Mənim bu şəhərdə kimim var axı;
Taleyin verdiyi paya – paxıllıq,
Boyu ki mən özüm qazanmamışam,
Allahın verdiyi boya – paxıllıq.
Mənim bu şəhərdə kimim var axı;
Köhnə məhəbbətin qız tanışları...
Hər səhər gördüyüm oyaq bir yuxu,
Salam tanışları, üz tanışları...
Bir də ilhamımın tanış nəfəsi,
Onun da küsülü anları çoxdur,
Həftənin beşgünlük qazanc qəfəsi, -
Bəs edər...
Nəfsimin gözləri toxdur...
Mənim bu şəhərdə kimim var axı,
Bu ömrün sonuna gümanım azdır.
Səyyah ayaqlarım, fəhlə əllərim,
Bir də ki dünyaya baxdığım gözdür;
Çiçəkləri görür, tikanı görmür,
Üstünə fırlanan sükanı görmür,
Uşaq güldürməyə kökə axtarır,
Əlindən alınan tikəni görmür...
Yaxşılar yolunda çıraq kimidir,
Yamanlar tülkütək pusquda durub.
Sevinc də bir şüşə araq kimidir,
Onu da vərdişli əyyaşlar vurub...
Sizə güvənirəm, yaxşı adamlar,
Sizin adınıza gəlmişəm bura.
Qardaştək, oğultək qoruyun məni,
Bir insan ömrünü vurum axıra;
Mənim bu şəhərdə kimim var axı...
“Dəli bir ağlamaq keçir könlümdən…”
Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı, öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı...
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.
Könlünə dəydiyim, incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.
Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.
Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur.
Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çiynimə barı uçulsun...
Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdəm.