SOCAR-dan nəhəng yatırım - 3 milyard dollar

socar-dan-neheng-yatirim
Oxunma sayı: 756

SOCAR 3 milyard dollar sərmayə ilə Türkiyədə ikinci “Petkim” yaratmaq istəyir.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, SOCAR İzmirin Əliağa rayonunda yeni kimya parkı qurmaq istəyir:

“Yeni neft-kimya müəssisələri qurmaq istəyirik. Hələ ki layihə mərhələsində olan investisiyanın həcmi tam məlum deyil və təxminən 3 milyard dollar ola bilər. Bu niyyətimiz hökumət nümayəndələri ilə də müzakirə olunub. Belə bir investisiya strateji təşviq daxilində ola bilər”, - deyə Vaqif Əliyev bildirib.

O deyib ki, “Petkim”i aldıqdan sonra 730 milyon dollar sərmayə qoyulub:

“Artıq “Petkim” neft-kimya holdinqinin ərazisində yeni layihələr üçün yer yoxdur. Hazırda “Petkim”in bazar dəyəri türk lirəsi ilə 420 faiz artıb. Aprel ayına görə, bazar dəyəri 2,1 milyard dollara çatıb”.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.