Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnıyın komandası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun nikahdankənar oğlu barədə araşdırma dərc edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Azadlıq Radiosu”nun Rusiya xidməti yayıb.
Araşdırmada deyilir ki, 22 yaşlı Danila Şebunov Moskvanın mərkəzində 2 ofisi icarəyə verərək 1 milyon rubl qazanc əldə edir.
Həmçinin iddia olunur ki, Rusiyada ötən ilin sentyabrında elan olunan qismən səfərbərlikdən bir neçə gün əvvəl Şebunov ölkəni tərk edərək Türkiyəyə yollanıb. Məsələ ilə bağlı digər detallar açıqlanmayıb. Bununla belə, onun hazırda “Sheba” ləqəbi ilə musiqi ilə məşğul olduğu bildirilir.
Bir sıra KİV-in məlumatına görə, Danila Şebunov Sergey Şoyqu və ölkənin Fövqəladə Hallar Nazirliyinin keçmiş stüardessası Yelena Şebunovanın oğludur. Buna baxmayaraq, Şoyqunun nikahdankənar oğlunun olması barədə məlumatı nə Rusiya rəhbərliyi, nə də nazir özü şərh edib. Müdafiə naziri rəsmi olaraq İrina Şoyqu ilə evlidir və onların üç qızı var.