Su paylayanlar da oldu, sudan pul çıxaranlar da... - Bakı dünən və bu gün

su-paylayanlar-da-oldu-sudan-pul-cixaranlar-da
Oxunma sayı: 6503

Bir neçə gündür ki, elektrik enerjisinin verilişi ilə bağlı problem ölkədə, xüsusilə də paytaxtda bir çox müsbət və mənfi məqamlarla yadda qalıb. 

"Qafqazinfo" xəbər verir ki, dünən metroda tuneldən çıxarılan sərnişinlərə su paylayanlar, halı pisləşən vətəndaşlara təmənnasız kömək edən, dərman alanlar olsa da, əfsus ki, yaranmış gərgin situasiyadan istifadə edənlər də az olmayıb.

Belə ki, axşam saatlarında yaranan sıxlıqda 38 nömrəli marşrutda qadının pulqabısı oğurlanıb. Bundan başqa, mağazalarda kameraların işləməməsi oğurluq hallarına səbəb olub. Anomal isti ilə bağlı maye tələbatının artdığı üçün bir çox yerlərdə suların qiyməti ikiqat, hətta üçqat baha qiymətə vətəndaşlara təklif olunub. 

Metronun işləməməsi paytaxda taksi sektorunun da iflic vəziyyətdə olduğunu göstərib. Bir çox taksi şirkətlərinin nömrələrinə düşmək mümkün olmayıb, bəziləri isə qiyməti bir neçə dəfə qaldırmaqla sərnişinlərin çətin vəziyyətlərindən sui-yararlanıblar.

Vəziyyət yol taksilərində daha da acınacaqlı olub. Belə ki, sürücülər vətəndaşları “Koroğlu” metrostansiyasından “Gənclik”, “28 May”a adambaşı 5-8 manata aparıb.

Sosial şəbəkələrdə sürücülərin bu addımı sərt tənqid olunub. Belə situasiyalarda həmrəy olmaqla bağlı çağırışlar səsləndirilib. 

Bu məqamda qeyd edək ki, *189 Taxi şirkəti 15:00-19:00 arası saatbaşı əsas istiqamətlərə bütün gedişləri pulsuz edib.

Günel Hacı