“Mercedes”lər toqquşdu - 5 nəfər xəsarət aldı + Fotolar

mercedesler-toqqusdu
Oxunma sayı: 792

Bakı-Astara magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yolun 52-ci kilometrliyində, Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Vüsalə Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Axundov və Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Füzuli İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

Fövqəladə Hallar Nazirliyi də qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V.Bədəlova və 1959-cu il təvəllüdlü F.İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.

***

Salyan Rayon Mərkəzi Xəstəxanası da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbilə 13.04.2026-cı il tarixində saat 19:20 radələrində 5 nəfər (4 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir”.

Surxay Şahbazov