“Supermarketlərdə yenə həmin oyunlar oynanılır”

supermarketlerde-yene-hemin-oyunlar-oynanilir
Oxunma sayı: 3921

“Supermarketlərdə vitrində olan məhsulların qiyməti ilə kassada olan qiymətləri arasında fərqlər var. Bu proses yenidən özünü göstərməyə başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Rüfət Quliyev bildirib.

“Ötən dəfə mənim məlum çıxışımdan sonra -  həmin məhsulun adını indi çəkməyəcəm, supermarketlərdə əməlli başlı dəyişiklik baş verdi. Supermarketlərdə qiymət fərqliliyi ilə bağlı tapşırıqlar verildi və bu məsələ bir müddətlik aradan qaldırıldı. İndi mənə xəbər çatıb ki, yenə həmin oyunlar oynanılır.

Supermarketlərdə vitrindən bir butulka suyu götürürsən, üzərində 90 qəpik yazılıb. Kassaya gələnə qədər yolda onun qiyməti 1,10 AZN olur. Bilmirəm orda, yolda gömrük və ya vergi postu var? Heç nə də yoxdur ”, - deyə Rüfət Quliyev qeyd edib.

Deputat bu istiqamətdə nəzarətin gücləndirilməsini təklif edib.

Xatırladaq ki, sentyabrda Rüfət Quliyev marketlərdə qiymət fırıldaqçılığından şikayət etmişdi: “Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.

Eldar Tanrıverdi