Suraxanı İcra Hakimiyyətində müşavirə keçirilib - Foto

Suraxanı İcra Hakimiyyətində müşavirə keçirilib
Oxunma sayı: 1521

Dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində maarifləndirmə və profilaktik tədbirlərin mütəmadi olaraq davam etdirilməsi ilə bağlı bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Prokurorluğunun, Rayon Polis İdarəsinin, Suraxanı rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin, Fövqəladə Hallar Nazirliyi 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Mənzil-kommunal Təsərrüfatı Birlikləri və Sahələrinin, xidmət sahələrinin, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 11 və 22 saylı Bölmələrinin rəhbərlərinin, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, qəsəbə bələdiyyələrinin iştirakı ilə müşavirə keçirilib. 

Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə təşkil olunmuş müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məsuliyyətsizlik ucbatından müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməməsi nəticəsində baş verən dəm qazından zəhərlənmə hadisələrinin qarşısının alınması üçün mübarizə tədbirləri çərçivəsində əhali arasında maarifləndirmənin gücləndirilməsi, sakinlərin qeyri-standart qaz işlədicilərindən istifadəsinin məhdudlaşdırılması məqsədilə reydlərin keçirilərək müvafiq tədbirlərin görülməsi, eləcə də yaşayış binalarında tüstü bacalarının mütəmadi təmizlənməsi ilə bağlı tapşırıqlarını verib. 

Həmçinin, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov çıxış edərək dəm qazından zəhərlənmə hallarının və bunun nəticəsində baş verən ölüm hadisələrinin qarşısının alınması məqsədilə mənzillərdə standartlara uyğun olmayan cihazlardan istifadəyə qarşı nəzarətin gücləndirilməsində birgə fəaliyyətin önəmliyini vurğulayıb, eləcə də gələcəkdə baş verə biləcək belə hallar zamanı təqsirkar şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlərin görüləcəyinə dair sakinlər arasında izahetmə-xəbərdarlıq işlərinin vacibliyini diqqətə çatdırıb.