Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti başçısının “Suraxanı rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva və Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub. Daha sonra rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbirdə geniş məruzə ilə çıxış edərək 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ilin prioritetləri haqqında məlumat verib. O qeyd edib ki, 2025-ci il Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ kimi yadda qalıb, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun davamlılığı ölkənin bütün istiqamətləri üzrə modern idarəçiliyə uyğunlaşmasına, sosial-iqtisadi inkişafın yeni mərhələsinə keçidə şərait yaradıb. Həyata keçirilən sistemli islahatlar, strateji layihələr və diplomatik təşəbbüslər 2025–2026-cı illər üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan verib.
İclasda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, millət vəkilləri Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov və şəhid anası Xalidə Həmzəyeva çıxış edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsəllər şöbəsinin müdiri Könül xanım Axundova tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.










Son xəbərlər
Son Xəbərlər