Suraxanıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirildi - Fotolar

suraxanida-heyder-eliyev-ve-azerbaycanciliq-mefkuresi-adli-konfrans-kecirildi
Oxunma sayı: 1244

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov və əməkdaşları, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən ilk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

RİH başçısı Əziz Əzizov çıxış edərək qonaqları salamlayıb, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar Suraxanı rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: “İstər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Ulu Öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir”.