Sürücüsüz taksilər yolda qaldı - Nəqliyyat iflic oldu - Video

surucusuz-taksiler-yolda-qaldi
Oxunma sayı: 548

Çinin Uhan şəhərində “Baidu” texnologiya şirkətinə məxsus sürücüsüz taksilərin sistem nasazlığı səbəbindən qəfil dayanması şəhərdə nəqliyyatın iflic olmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, öz-özünə idarə olunan nəqliyyat vasitələri hərəkət zamanı qəfil sönərək, yolun ortasında dayanıb.

Bu isə qısa müddətdə yollarda ciddi sıxlıq və tıxacların yaranmasına gətirib çıxarıb.

Hadisə sosial mediada müzakirələrə səbəb olub. Paylaşılan görüntülərdə yolda qalan sürücüsüz taksilərin bəzi hallarda qəza riskinə səbəb olduğu iddia edilib.

Rəsmi açıqlamalara əsasən, insident zamanı ölən və ya yaralanan olmayıb. Nəqliyyat vasitələrində olan sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.

Hadisə sürücüsüz nəqliyyat texnologiyalarının təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Şirkət tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, məsələ ilə bağlı araşdırmaların başladığı bildirilir.

Qeyd edək ki, “Baidu”, əsasən, Çində olmaqla, dünyanın müxtəlif şəhərlərində sürücüsüz taksi xidmətləri təqdim edir. Buna baxmayaraq, son illərdə bu sahədə bir sıra oxşar hadisələr qeydə alınıb.

Belə ki, 2025-ci ilin dekabrında ABŞ-nin San-Fransisko şəhərində baş verən genişmiqyaslı elektrik kəsintisi nəticəsində sürücüsüz taksilər fəaliyyətini dayandırmış və şəhərdə böyük tıxaclar yaranmışdı. Həmçinin 2025-ci ilin avqustunda Çinin Çunçin şəhərində sürücüsüz taksilərdən biri tikinti çuxuruna düşmüşdü.