Sürüşmə ərazisindəki məktəb müvəqqəti bağlanır - Fotolar

surusme-erazisindeki-mekteb-muveqqeti-baglanir
Oxunma sayı: 2215

Astara rayonunun Miki kənd tam orta məktəbi müvəqqəti bağlanır.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb məktəb binasının qəzalı vəziyyətdə olmasıdır. Məktəbdə təhsil alan 53 şagird qonşu Rinə kənd məktəbinə köçürülür.

Bu addımın qış fəslində atılması valideynləri narahat edib. Onların sözlərinə görə, Rinə kəndi Miki kəndindən 6-7 km uzaqdır:

“Qış aylarında, şəraitsiz bir yolda uşaqların həmin məktəbə getmələri, özü də ikinci növbə düzgün deyil”.

Valideynlər onu da deyir ki,  şagirdlərin təhsilini davam etdirməsi üçün məktəbin həyətində başqa binalar var.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara regional Təhsil İdarəsindən bildirilib ki, valideynlərin övladlarının təhsilini davam etdirməsi üçün nəzərdə tutduğu digər binalar da qəzalı vəziyyətdədir.

Qeyd edək ki, 250 şagird yerlik Astara rayon Miki kənd orta məktəb binası 1997-ci ildə tikilib və 2005-ci ildə FHN tərəfindən bina əsaslı bərpa olunub.

Məktəb binası sürüşmə ərazisində olduğuna görə qəzalı vəziyyətə düşüb. Həmin məktəb binasının növbəti tədris ilində yenidən tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Məktəbdə təhsil alan şagirdlərin rayonun Rinə kənd tam orta məktəbinə gediş-gəlişini təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən nəqliyyat vasitəsi ayrılacağı deyilir.

Surxay Şahbazov