Taliban Əfqanıstanın qərbi Herat vilayətində minlərlə dollar dəyərində olan musiqi alətlərini yandırıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onlar bunu “musiqinin mənəvi pozğunluğa səbəb olması” ilə əsaslandırıb. Talibanın Vicdan və Fəzilət Nazirliyinin rəsmisi deyib ki, musiqi ifa etmək “gənclərin yolunu azmasına səbəb olacaq”.
Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra ictimai yerlərdə musiqi ifa etmək də daxil olmaqla, çoxsaylı məhdudiyyətlər qoyub. Əfqanıstan Milli Musiqi İnstitutunun yaradıcısı Əhməd Sarmast onların hərəkətlərini “mədəni soyqırım və musiqi vandalizmi” adlandırıb.
İnternetdə yayılan görüntülərə görə, yandırılan əşyaların arasında gitara, nağara kimi alətlər, həmçinin səsgücləndiricilər və dinamiklər var. Bunların çoxu şəhərdəki şadlıq evlərindən götürülüb.
Talibanın hakimiyyətə qayıtması bir çox musiqiçinin ölkəni tərk etməsinə səbəb olub. Hələ də ölkədə qalmış müğənni və musiqiçilərin döyülərək ayrı-seçkiliyə məruz qaldığı bildirilir.
Bu sərt tədbirlərin ən ağır yükünü isə qadınlar çəkir. Qadınlar yalnız gözləri açıqda qalacaq şəkildə geyinə və 72 kilometr radiusda tək hərəkət edə bilər. Qeyd olunan radiusdan kənarda onları mütləq kişi qohumu müşayiət etməlidir. Yeniyetmə qızların və qadınların məktəb və universitetə, idman zallarına, parklara girişi qadağan olunub.
Talibanın əmri ilə keçən həftə ölkədəki bütün gözəllik salonları İslama zidd hesab edilərək qapadılıb.
Son xəbərlər
Son Xəbərlər