“Tanrı sizi seçdi, İsa kimi dirildiniz” - Trampı Məsihlə müqayisə etdi - Video

tanri-sizi-secdi-isa-kimi-dirildiniz
Oxunma sayı: 1251

ABŞ Prezidenti Donald Trampın dini müşaviri Paula Uayt-Keynin Ağ Evdə keçirilən Pasxa tədbirində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Uayt-Keyn Trampın yaşadıqlarını xristian inancının mərkəzi fiquru olan İsa Məsihin həyatı ilə müqayisə edib.

“Heç kim sizin ödədiyiniz bədəli ödəmədi. Bu, az qala sizin həyatınız bahasına başa gəlirdi”, - o deyib.

Uayt-Keyn Trampın qarşılaşdığı çətinlikləri İsa Məsihin həyatındakı hadisələrlə əlaqələndirib:

“Sizə xəyanət edildi, haqsız ittihamlarla üzləşdiniz. Bu, Tanrımız və Xilaskarımızın (İsa Məsihin) bizə göstərdiyi tanış bir nümunədir. Bu, onun üçün də, sizin üçün də bitmədi”.

Uayt-Keyn çıxışında xristianlıqda mühüm yer tutan “dirilmə” anlayışına da toxunub:

“(İsa Məsih) üçüncü gün dirildi, şər üzərində qələbə çaldı, ölümü, cəhənnəmi və qəbri fəth etdi. Dirildiyi üçün hamımız bilirik ki, dirilə bilərik. Sən də onun dirilməsi sayəsində dirildin”.

Dini müşavir Trampın “Tanrı tərəfindən seçildiyini” düşündüyünü də vurğulayıb:

“İnanıram ki, Tanrı bunu sizə deməyimi istədi. Onun zəfəri sayəsində siz də əl atdığınız hər işdə uğur qazanacaqsınız”.

Qeyd edək ki, tədbir çərçivəsində Ağ Evdə dini liderlərin iştirakı ilə dua mərasimi təşkil olunub və prezidentə dəstək ifadə edilib.