Ötən il mayın 2-də qətlə yetirilən Qərb Universitetinin II kurs tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə azərbaycanlı Vüsal Şilderin anası Mətanət Şilder ölkə başçısına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, müvafiq dövlət qurumlarına və ölkə ictimaiyyətinə müraciət ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, müraciətini virtualaz.org saytının redaksiyasına göndərib.
M.Şilder müraciətinə belə başlayır:
“Mərhum oğlum Şilder Vüsal Adolf oğlunun 2 may, 2013-cü il tarixdə qətlə yetirilməsindən uzun müddət keçməsinə baxmayaraq cinayətin bütün iştirakçıları, ən əsası isə Prezident Administrasiyasının işçisi (mərhum prezident Heydər Əliyevin sabiq köməkçisi-red.) Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadə və digər təşkilatçılar bu günə qədər də məsuliyyətə cəlb edilməyiblər.
İşin istintaqı isə əsas iştirakçılar barədə gələcəkdə xətm olunması üçün ayrılıb. Hələ bir neçə ay bundan əvvəl Daxili İşlər Nazirliyi həmin cinayətin təşkilatçısı Xəyal Əlizadənin İnterpol vasitəsilə axtarışa verilərək Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığını bəyan etsə də adıçəkilən şəxs bu günə kimi nəinki Azərbaycana təhvil verilməyib, hətta sərbəst şəkildə xarici ölkədə biznes fəaliyyəti ilə məşğul olur.
Xəyal Əlizadənin Azərbaycanın hüdudları daxilində axtarışa verilməsi barədə prokurorluğun müvafiq qərarı olsa da bu, formal xarakter daşıyır və gözdən pərdə asmaq üçündür. İnterpolun rəsmi internet səhifəsini təhlil etdikdə məlum olur ki, Azərbaycandan 200 nəfərə yaxın cinayətkar beynəlxalq axtarışa verilsə də Xəyal Əlizadənin adı onların arasında yoxdur.
Oğlum Vüsal Şilder Almaniya vətəndaşı olduğundan həmin xarici ölkənin Azərbaycandakı səfirliyi bu işlə daim maraqlanır və işin gedişatını yaxından izləyir. O cümlədən bu iş bizim ölkədə də böyük rezonans yaradıb. Almaniya prokurorluğundan bizə bildirildiyi kimi, onlar dəfələrlə ölkəmizin Baş Prokurorluğuna rəsmi qaydada müraciət ediblər. Hazırkı işin istintaqının hərtərəfli aparılması yolunda, eləcə də Xəyal Əlizadənin Azərbaycana gətirilməsi yolunda Almaniya prokurorluğunun yardım göstərməsi istəyi ilə bağlı müraciətlərinə Baş Prokurorluğun cavabsız mövqeyinin səbəbləri bizə aydın deyil”.
Zərərçəkmiş M.Şilder oğlunun Tariyel Ağayevin qızı Lalə Ağayevaya görə qətlə yetirildiyini bildirir: “Vüsalın 10 yaşı olanda mən Adolf Şilderlə ailə həyatı qurdum. O, Vüsala doğma atasından da yaxşı qayğı göstərdi, ona öz soyadını, Almaniya vətəndaşlığını, xaricdə təhsil verdi. Buna baxmayaraq içində Azərbaycan sevgisi olan Vüsal Şilder Azərbaycana qayıtdı və Qərb Universitetinə daxil olaraq təhsilini davam etdirdi.
20 yaşlı oğlum Vüsal Tariyel Ağayevin qızı Lalə Ağayeva ilə tanış olur və onlar arasında məhəbbət yaranır. Vüsal mənə bunu açıb deyəndə ona bu işdən əl çəkməyi, Lalə Ağayevanın ailəsi ilə bizim ailənin maddi cəhətdən səviyyələrinin uyğun olmadığını bildirsək də artıq hər şey gec idi və cavanlar heç kəsi eşitmək istəmirdilər.
Lalə Ağayevanın valideynləri bu evliliyə razı olmayacaqlarını açıq şəkildə bildirəndən sonra oğluma dəfələrlə xəbərdarlıq olunmuş, onu təhdid etmişdilər. İş o yerə çatmışdı ki, oğlumun guya narkoman və cinayətkar olmasını Lalə Ağayevaya sübut etmək və Vüsalın şəxsiyyətini aşağılamaq üçün maşınına narkotik maddə atılması, tutularaq polis bölməsinə aparılması, orada bu məsələnin ictimaiyyətə çatdırılması üçün geniş bir plan qurulmuşdu.
Bu plan Tariyel Ağayevin qohumu, polis əməkdaşı İlham Məmmədov tərəfindən icra olunmuşdu. İlham Məmmədov, Qurban Novruzov, Yaşar Şümer və Kənan Babayevin işi hal-hazırda Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun icraatındadır. Cinayət işindən də göründüyü kimi, oğlumun qətlə yetirilməsinə qədər onun təqib olunması, yol-nəqliyyat hadisəsinin törədilməsi, maşınına narkotik maddə atılması, cəmiyyətə narkoman və cinayətkar kimi təqdim edilməsi işini təşkil etmək və həyata keçirmək üçün polis işçilərindən və digər şəxslərdən ibarət cinayətkar qrup uzun müddət və planlı şəkildə iş aparıb. Amma bu niyyətlərini də həyata keçirə bilməyənlər ən alçaq yola əl ataraq oğlumu vəhşicəsinə qətlə yetiriblər”.
Almaniya vətəndaşı Mətanət Şilderin sözlərinə görə, istintaq düzgün aparılmayıb. İstintaq zamanı həm onların, həm də iş üzrə qanuni nümayəndəsi Aslan İsmayılovun hüquqları kobud şəkildə pozulub: “İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayevə həvalə edilmişdi. Cinayətin iştirakçıları İsgəndərov Elman Seyidağa oğlu, Əlizadə Xəyal Məzahir oğlu, Talıbov Seymur Teymur oğlu, Zakirov Rüfət Azad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (AR CM) 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olundular.
Daha sonra idarənin 20 iyun, 2014-cü il tarixli qərarı ilə oğlumun qəsdən öldürülməsi, qeyd edilən cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə və digər faktlar üzrə Xəyal Əlizadə, Rüfət Zakirov və qeyriləri barəsində AR CM-in 120.2.1, 120.2.5 və 307.1-ci maddələri ilə cinayət işi ayrılaraq yenə də idarənin rəis müavini Pərviz İbayevin icraatına qəbul edildi.
Elman İsgəndərovun və Seymur Talıbovun təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı isə yekunlaşdırılaraq tez-tələsik Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.
Cinayət işi məhkəməyə göndərilməzdən əvvəl mənim və nümayəndəm Aslan İsmayılovun cinayət işinin materialları ilə tanış olmaq hüquqlarımız kobud şəkildə pozulub. Halbuki idarənin rəis müavini Pərviz İbayevə, idarənin rəisi Eldar Əhmədova, baş prokuror Zakir Qaralova bununla bağlı dəfələrlə rəsmi ərizələrlə müraciət etmişik. Altı cilddən ibarət cinayət işinin materialları ilə tanış olmağımız üçün lazımi şəraitin yaradılmasını, zəruri sənədlərin surətlərinin bizə təqdim edilməsini tələb etmişik.
Dəfələrlə etdiyimiz müraciət və şikayətlərdən sonra idarənin rəis müavini Pərviz İbayev cinayət işinin materialları ilə tanış olmağımız üçün şəraitin yaradılmasını Emil adlı müstəntiqə həvalə etmiş, materialın həcmi böyük olduğundan və materiallarla səthi deyil, hərtərəfli şəkildə tanış olmaq istədiyimizdən bunu bir neçə gün ərzində edəcəyimizi bildirmişdik. Zəruri sənədlərin siyahısı götürülsə də həmin sənədlər bizə təqdim edilməyib. Digər sənədlərlə tanış olmağımız, zəruri sənədlərdən çıxarışları etməyimiz üçün isə lazımi şərait yaradılmayıb.
Bütün qeyd olunanlar barədə idarənin rəisi Eldar Əhmədova şikayətimizi bildirmək istədikdə isə, nəhayət, nümayəndəmi qəbul edən Emil adlı müstəntiq bildirdi ki, idarə rəisi məzuniyyətdə olduğundan hal-hazırda bütün rəhbərliyi rəis müavini Pərviz İbayev həyata keçirir, bundan əlavə, hal-hazırda idarədə çox mühüm bir cinayət işi araşdırıldığından bütün idarə bu işin müzakirəsi ilə məşğuldur, odur ki, bir həftədən sonra gəlib işlə tanış ola bilərik.
Bir həftədən sonra isə məlum oldu ki, cinayət işi tez-tələsik Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.
Zərərçəkmişin sözlərinə görə, Lalə Ağayeva istintaq orqanı tərəfindən dindirilib və kimlərin bu işdə adının keçməsini qeyd edib. Amma L.Ağayeva şahidlər siyahısına salınmayıb: “Cinayət işinin materiallarında Lalə Ağayevanın ifadəsi bilərəkdən qismən göstərilib, iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə araşdırılmayıb. Cinayət işinin materiallarında mənimlə Lalə arasında mobil telefon vasitəsilə aparılmış SMS yazışmalar mövcuddur ki, həmin yazışmalarda cinayətin təşkilatçılarının kimlər olduğu barədə dəqiq məlumatlar var. Lakin cinayət işinin materiallarında Lalənin ifadəsi vərəqin 1/4 hissəsində yerləşməklə qətlin sifarişçiləri, eləcə də digər mühüm hallar barədə məlumatları əks etdirmir.
İstintaq orqanı məqsədli şəkildə bu barədə hər hansı sorğu-sual etməyib. Sadəcə belə bir ifadə ilə kifayətlənib: “Lalə Ağayeva şəxsi sualları cavablandırmaqdan imtina edib”.
Əgər bu gün Azərbaycan ictimaiyyəti bu mühüm hadisəyə biganə qalıb hansısa məmurun, həddini aşan iş adamının özbaşınalığına, qanunsuz əməllərinə qarşı öz etirazını bildirməzsə, sabah digər bir milyonçu kiminsə övladını asanlıqla qətlə yetirəcək və öz milyonları, nüfuzu hesabına hüquq-mühafizə orqanlarının əli ilə mərhumun qanının batmasına nail olacaq. Və beləcə bu cinayətlər vahid bir praktika və yaşam tərzi formalaşdıracaq, yəni varlı qızın əməllərinə görə kasıb oğlan öldürüləcək, cinayətkarlar isə cəzasız qalacaq.
Məhz hüquq-mühafizə orqanlarının işlərinə öz vəzifələrinə bu cür cinayətkarcasına səhlənkar yanaşmalarının nəticəsidir ki, oğlumun qətlinin əsas təşkilatçısı olan Xəyal Əlizadə bu işlə bağlı şikayət etdiyimə görə Tariyel Ağayevin qızının mobil telefonundan mənə zəng edib ölümlə hədələyir, məni və rəhmətə getmiş oğlumu öz əxlaqına uyğun küçə söyüşləri ilə təhqir edir.
Hesab edirəm ki, əgər biz millətiksə, buna susmamalıyıq. Mən isə oğlumun qətlə yetirilməsində rolu olan hər kəsin məsuliyyətə alınması uğrunda sona qədər mübarizə aparacam”.
M.Şilderin sözlərinə görə, Xəyal Əlizadə həyat yoldaşı Vəfa (Tariyel Ağayevin digər qızı-red.) ilə birlikdə ona Dubaydan zəng vuraraq polisə şikayət etməyə son qoymağı tələb ediblər: “Vəfa mənə dedi ki, oğlumu onun əri Xəyal öldürməyib, bu qətlin arxasında atası Tariyel Ağayev dayanır. Vəfa məndən sakitləşməyi xahiş etdi, dedi ki, daha olan olub, keçən keçib, sənin oğlunu daha heç nə, heç kim geri qaytara bilməz. Mən isə öz növbəmdə dedim ki, əgər sənin ərin Xəyal Əlizadənin heç bir günahı yoxdursa və bu qətlin arxasında dediyin kimi, yalnız Tariyel Ağayev dayanırsa, onda qoy ərin Xəyal Bakıya qayıdıb bu dediklərinizi məhkəmədə də təsdiqləsin.
Bundan sonra onlar mənim və mərhum oğlumun ünvanına təhiqrlər yağdırmağa, məni isə divan tutmaqla hədələməyə başladılar”.