Tbilisidə “Milli dövlətçiliyimizin simvolu” kitabının təqdimatı oldu - Fotolar

tbiliside-milli-dovletciliyimizin-simvolu-kitabinin-teqdimati-oldu
Oxunma sayı: 2662

Tbilisidə Azərbaycan və gürcü dillərində nəşr edilmiş “Milli dövlətçiliyimizin simvolu” kitabının təqdimatı olub.

“Qafqazinfo” “AzərTac”a istinadən xəbər verir ki, təqdimat mərasimində akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, Azərbaycan səfirliyinin əməkdaşları, Gürcüstan Milli Elmlər Akademiyasının üzvləri, parlamentin deputatları, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Milli Məclisin deputatı Nizami Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, Azərbaycan səfirliyinin əməkdaşları, kitabın müəllifi - azərbaycanlı alim, siyasi elmlər doktoru professor, Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının fəxri doktoru Vaqif Abdullayev Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Politoloq Simon Kopadze tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək, kitabın Ulu Öndərin 100 illik yubileyi tədbirləri çərçivəsində çap olunduğunu bildirib. Deyib ki, elmi əsərdə Azərbaycan milli elitasının formalaşma tarixi, bu fasiləsiz prosesin son 40 ilində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sosioloji və politoloji rakursdan, “millət-lider-elita” aspektindən işıqlandırılıb.

Qeyd edilib ki, epoxaların ekstremallığına baxmayaraq, milli-siyasi elitamız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə millətin varlığını qorunması və inamla gələcəyə addımlaması istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.

Diplomat, həmçinin deyib: “Ulu Öndər müasir Azərbaycanın memarı və qurucusudur. Azərbaycanın simvolu olan Ümummilli Liderimiz, eyni zamanda, Qafqazda təhlükəsizliyin banisidir”.

Gürcü politoloq Levan Mamaladze çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı möhkəm dostluq ölkələrimizin münasibətlərinin əsasını təşkil edir. Bu gün regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstan ərazisindən keçməsi də Heydər Əliyevin adı ilə bağlıdır. O, bu faktların kitabda da qeyd olunmasını yüksək qiymətləndirib və bildirib ki, əsər gənc nəslin yaxın tariximizi öyrənməsi üçün əsl bilik mənbəyidir.

Gürcüstan parlamentinin deputatı Baçuki Kartavanın sözlərinə görə, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin irsinin tam araşdırılması üçün illər lazımdır. Tədqiqat materialı olan bu kitab tələbələr üçün çox vacib elm mənbəyidir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə çıxışında Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi önəmdən bəhs edib. Bildirilib ki, 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiyamızın 50-dək maddəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Bu da dahi şəxsiyyətin insan hüquqlarına verdiyi yüksək qiymətin təzahürüdür.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında Azərbaycan-Gürcüstan dostluğunun və ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə əlaqələrə xüsusi diqqət yetirib. Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ilə Heydər Əliyev arasındakı dostluq münasibətləri hər iki ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.

O, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bildirilib ki, indi ölkələrimiz arasındakı dostluq münasibətləri dünyaya nümunədir.

Tbilisi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niko Cavaxişvili Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə nəzər salıb, münasibətlərimizin inkişafında Ulu Öndər, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin rolunu xüsusi qeyd edib.

Bildirilib ki, Heydər Əliyev təkcə Azərbaycan və gürcü xalqlarının xilaskarı deyil, o, həm də Cənubi Qafqazda sülhün və sabitliyin memarıdır.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Cənubi Qafqazda sabitliyin yaranmasında, bölgənin iqtisadi inkişafında dahi şəxsiyyətin rolunu qeyd ediblər.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev müasir Qafqazın arxitekturasının banisidir. Məhz onun uzaqgörən siyasəti və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgənin aktuallığını, dünya üçün əhəmiyyətini artırıb.

Sonda çıxış edən kitabın müəllifi Vaqif Abdullayev təşkilatçılara minnətdarlığını bildirib, tədqiqatları bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyəti barədə tarixi əhəmiyyətli fikirləri ilə başlayan kitabda o dövrün siyasi mənzərəsi və siyasi elitasının fəaliyyəti, 1969-cu ildə Ümummilli Liderin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda müasir siyasi elitanın formalaşmasının xüsusiyyətləri, Heydər Əliyev fenomeninin SSRİ miqyasındakı əhəmiyyəti, Ulu Öndərin idarəçilik üslubunun milli-siyasi konsepsiyası ətraflı təhlil olunur.

Kitabda, eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yeni yüzilliyin yeni Lideri kimi xarakterizə olunur. Prezident İlham Əliyev şəxsiyyətinin “xalq-lider-elita” müstəvisindəki rolu xüsusi vurğulanır.

Azərbaycan və Gürcüstanın ali təhsil ocaqları üçün əsl tarixi mənbə olan elmi əsərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-siyasi elitamızın formalaşmasındakı rolu ayrıca təhlil edilir.