Təkcə oynayanda deyil, futbola baxanda da gündəm olan ulduzlar... - Fotolar

tekce-oynayanda-deyil-futbola-baxanda-da-gundem-olan-ulduzlar
Oxunma sayı: 3058

Qətərdə davam edən dünya çempionatında meydanda oynayan ulduzlarla yanaşı tribunalarda qarşılaşmaları izləyən sabiq ulduzlar da diqqət çəkir. “Qafqazinfo” xəbər verir ki, karyerasını bitirmiş əfsanələrin bəziləri komandalarına dəstək olur, bəziləri isə ölkələrinin televiziyaları üçün şərhçi qismində mundialda iştirak edir. 

İngiltərə yığmasının sabiq ulduzu, hazırda ABŞ-ın “İnter” (Mayami) klubunun prezidenti Devid Bekhem də Qətərin paytaxtı Dohadadır. Ölkəsinin yığmasına dəstək nümayiş etdirən keçmiş yarımmüdafiəçi bütün matçlarda tribunada yer alır.Braziliya yığmasının əfsanələrindən olan Kaka da Dohadadır. “Sambaçı” Devid Bekhemlə birlikdə bir neçə matçı izləyib. Onların birlikdə çəkdirdiyi foto da maraqlı müzakirələrə səbəb olub. 

İspaniyanın sabiq müdafiəçisi və kapitanı olmuş Karles Puyol da DÇ-ni keçirildiyi yerdən izləyir. O, “La Furia Roja”nın (“qırmızı qəzəb”) matçlarında komandaya dəstək olur. 

Maraqlıdır ki, Puyolla birlikdə sabiq komanda yoldaşları Andres İniesta və Xavi də matçları izləyənlər arasındadır. Onların yenidən bir yerə toplaşmasının səbəbi isə mundialın favoritlərindən olan İspaniya yığmasıdır. 

2010-cu ildə İspaniyanın heyətində dünya çempionu olan David Vilya da Qətərdədir. O, da sabiq komanda yoldaşları ilə birlikdə oyunları izləyir. Vilya ilə birlikdə dünya birinciliyi qazanmış İker Kasilyas da Dohadadır. 

“Barselona”nın əfsanələrindən olan bolqarıstanlı Xristo Stoiçkov da DÇ-ni izləyənlər arasındadır. 

Almaniya yığmasının əfsanəsi Lotar Mateus da Dohada matçları izləyir və həmçinin şərh edib. O, “Bild TV”nin şərhçisi kimi stadionlarda fəaliyyət göstərir. 

Qətərdə çəkilən ən maraqlı fotolardan biri isə Fransa – Danimarka matçındandır. Fransa yığmasının sabiq ulduzu Lilian Türam və danimarkalıların keçmiş qapıçısı Peter Şmexel matçı birlikdə izləyir. Maraqlısı budur ki, hər iki sabiq ulduzun oğulları meydanda bir-birinə qarşı oynayırdı. Lilian Türamın oğlu Markus Türam Fransa millisinin, Peter Şmexelin oğlu Kasper Şmexel isə Danimarkanın heyətində mübarizə aparırdı. 

Dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisinin sabiq üzvləri və bu yığma ilə mundialın qalibi olmuş Xaviyer Zanetti, Alessandro Del Pyero və Marko Materazzi Qətərdədirlər. 

BBC televiziyası üçün matçları şərh edən Rio Ferdinand, Alan Şirer, Qari Lineker, Yurgen Klinsmann, Maurisio Poçettino da qarşılaşmaları stadionlardan izləyirlər. 

Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olmuş Ronaldo Nazario və Roberto Karlos da Qətərə gedən məşhurlar sırasındadır. Lakin Ronaldo koronavirusa yoluxduğu üçün 5 günlük karantinə alınıb. 


Mundialın ən maraqlı fotolarından birində isə 10-a yaxın əfsanəvi futbolçu yer alıb. Didye Droqba, Marko Materazzi, Ronaldo Nazario, Xristo Stoiçkov, Xaviyer Zanetti, Yuri Corkaeff, Kafu, Maskerano, Julio Sezar, Kalrens Zeedorfun birlikdə olan şəkli müzakirələrə səbəb olub.