Tərtərdə daha 1 nəfər minaya düşdü, vəziyyəti ağırdır - Yenilənib

terterde-daha-1-nefer-minaya-dusdu-veziyyeti-agirdir
Oxunma sayı: 3559

Tərtər rayonunda 58 yaşlı kişi minaya düşüb.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində baş verib. Əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub: “1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib. Araşdırma aparılır”.

***

ANAMA-nın Mətbuat xidməti Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb. Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.

***

TƏBİB-dən bildirilib ki, Ağdərə rayonunda minaya düşmə səbəbilə 1966-cı il təvəllüdlü (kişi cinsli) şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona partlayış travması, sol pəncənin aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu qoyulub.

Xəstə Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Vəziyyəti ağır qiymətləndirilir.