Testi pozitiv çıxandan sonra bir neçə gün taksi sürdü

testi-pozitiv-cixandan-sonra-bir-nece-gun-taksi-surdu
Oxunma sayı: 3950

İsmayıllı rayonunda COVİD-19 virusuna yoluxması ilə bağlı testin cavabı pozitiv çıxdıqdan sonra bir neçə gün taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, 1950-ci il təvəllüdlü Qüddəsərov Mayıl Xəmi oğlu Covid-19 yoluxucu xəstəliyinin müayinəsi ilə əlaqədar noyabrın 21-də İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət edib və müayinə zamanı onda infeksiyanın pozitiv olması aşkar edilib.

Tibb işçiləri tərəfindən evdə müalicə olunması qərara alınmaqla karantin qaydalarını pozmağa görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilib. 

Buna baxmayaraq, M.Qüddəsərov Covid-19 infeksiyası daşıyıcısı olmasını bilə-bilə karantin rejimi qaydalarını pozaraq noyabrın 26-da təxminən saat 11 radələrində yaşadığı evi tərk edərək İsmayıllı şəhəri, Cavanşir küçəsi istiqamətində gedib Covid-19 infeksion xəstəliyin yayılması üçün real təhlükə yaradıb. Həmin gün yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndinə qayıdarkən saxlanılaraq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Onun bir neçə gün ərzində taksi fəaliyyəti ilə məşğul olduğu, sərnişinləri daşıdığı məlum olub. 

Faktla bağlı İsmayıllı RPŞ İstintaq Bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin rəhbərliyi ilə araşdırma aparılıb və nəticədə faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Murad Əhməd