Tovuz rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə dair RİH başçısının hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Tovuz RİH başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatları Nizami Səfərov, Arzu Nağıyev, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev adına Tovuz şəhər Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünüə gül dəstləri düzərək əziz xatirəsini ehtiramla anıblar. Daha sonra tədbir iştirakçıları yığıncağın keçirildiyi Nizami adına Mədəniyyət evində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olub, kitab sərgisinə, 2025-ci ildə görülmüş işlərə dair stendlərə və kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilib.
Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə hesabat yığıncağı açıq elan olunub.
RİH başçısı geniş hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 2025-ci ildə də dinamik inkişaf yolunu inamla davam etdirmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində dövlət idarəçiliyində çeviklik, sosial rifahın yüksəldilməsi, regionların tarazlı və dayanıqlı inkişafı əsas prioritetlər kimi müəyyən edilmiş və bu istiqamətdə ardıcıl tədbirlər görülmüşdür. Ölkə başçısının dəfələrlə vurğuladığı kimi, güclü dövlətin təməlində güclü regionlar dayanır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, məşğulluğun artırılması, insan kapitalının gücləndirilməsi dövlət siyasətinin mərkəzində yer alır.
2025-ci il ərzində Tovuz rayonunda dövlət və özəl strukturlar qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş, dövlət proqramları və Prezident sərəncamlarından irəli gələn vəzifələrin icrasına çalışılmışdır. Bütün görülən işlərin əsas məqsədi rayon əhalisinin rifahının yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması olmuşdur.
Son dövrlər dövlət başçısının həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın sosial-iqtisadi həyatında faktiki olaraq keyfiyyətcə yeni mərhələ yaranmışdır. Biz hər gün müxtəlif istiqamətlərdə yeniliklərin və uğurlu nəticələrin şahidi oluruq. Həmişə olduğu kimi tariximizin bu anında da möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın yanındadır və onun siyasəti, xüsusən 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində aparılan Vətən müharibəsində eyni zamanda 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror tədbirlərində cənab Ali Baş Komandanın sərkərdəliyi ilə müzəffər Azərbaycan ordusunun Zəfər qazanması, işğaldan azad edilmiş şəhər, kənd və digər yerlərdə Azərbaycan bayrağının ucaldılaraq suverenliyimizin təmin edilməsi, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair Proqramın uğurlu icrası, cənab Prezidentin, Birinci vitse- prezident hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdikləri məqsədyönlü siyasət bütün xalqımız kimi tovuzlular tərəfindən yüksək səviyyədə dəstəklənir. Tovuzlular həmişə olduğu kimi yüksək sədaqət nümunəsi göstərərək cənab Prezidentimizin ətrafında daha sıx birləşəcək, dövlətçiliyimizə şərəflə xidmət edəcəklər.
Sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Vətən Müharibəsi iştirakçısı Eyvaz Süleymanov və rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Mücaməddin Axundovun məruzələri dinlənilib.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatları Nizami Səfərov və Arzu Nağıyev çıxışlarında qeyd ediblər ki, Azərbaycanın bu inkişaf yolunun təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik konsepsiyası və güclü hüquqi dövlət ideyası dayanır. Bu strateji xətti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, milli maraqlarını və beynəlxalq mövqelərini qətiyyətlə qoruyaraq ölkəmizi regionun lider dövlətinə və dünyanın nüfuzlu seçilən dövlətinə çevirib.
Tədbirdə 2025-ci ildə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxslər Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.
Hesabat yığıncağının Qərar layihəsi oxunduqdan və qəbul edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.












