Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

tupak-sakurun-qetline-gore-ilk-hokm-cixarildi
Oxunma sayı: 735

Əfsanəvi amerikalı reper Tupak Şakurun qətlindən təxminən 30 il sonra iş üzrə ilk məhkumluq hökmü çıxarılıb. Keçmiş dəstə lideri Duan “Keffe D” Devis cinayəti təşkil etməkdə təqsirli bilinərək 40 ildən çox müddətə həbs cəzasına məhkum olunub.

“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, 63 yaşlı Devis 1996-cı il sentyabrın 7-də Las-Veqasda baş verən və 25 yaşlı reperin ölümü ilə nəticələnən silahlı hücumla bağlı təqsirli bilinib.

Şakur hadisədən altı gün sonra vəfat edib.

Prokurorların iddiasına görə, Devis atəşi özü açmasa da, hücumu təşkil edib və cinayətdə istifadə olunan silahı təmin edib. O, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Oktyabrın 13-də keçirilən məhkəmə iclasında Hakim Karli Kirni hökmü elan etməzdən əvvəl bir insanı ailəsindən ayırmağın və onun gələcəyini əlindən almağın qəbuledilməz olduğunu vurğulayıb. O, Şakurun ölümünün dünya ictimaiyyətinin yaddaşında qaldığını qeyd edib.

İş üzrə mühüm sübutlardan biri Devisin açıqlamaları olub. O, dəfələrlə reperin güllələndiyi vaxt atəşlərin açıldığı ağ rəngli “Cadillac” avtomobilində olduğunu etiraf edib.

Devis 2008-ci ildə reper Notorius B.İ.Q.-nin qətli ilə bağlı araşdırma zamanı keçirilən polis dindirməsində də hadisədəki rolu barədə məlumat verib. 2019-cu ildə nəşr olunan “Kompton küçəsi əfsanəsi” adlı xatirə kitabında isə qətllə bağlı əlavə təfərrüatlar açıqlayıb.

Hakim onun polis dindirməsində verdiyi ifadələrin məhkəmədə sübut kimi istifadə edilməsinə icazə verib. Müdafiə tərəfi isə açıqlamaların kitab satışını artırmaq və pul qazanmaq məqsədilə şişirdildiyini iddia edib.

Prokurorluğun versiyasına görə, “South Side Compton Crips” dəstəsinin keçmiş lideri olan Devis hücumu təşkil edib və qardaşı oğlu Orlando Andersonun istifadə etdiyi silahı təmin edib. Anderson qətldə iştirakını inkar edib və 1998-ci ildə başqa bir silahlı insident zamanı öldürülüb.

Qeyd edək ki, Tupak Şakur 1996-cı il sentyabrın 7-də boksçu Mayk Taysonun döyüşündən sonra Las-Veqasda güllələnib. Dünya üzrə 75 milyondan çox albom satan reper musiqi tarixinin ən nüfuzlu simalarından biri hesab olunur. Onun qətli uzun illər ABŞ-nin ən məşhur açılmamış cinayət işlərindən biri olaraq qalıb.