“Türkiyə yaxşı başlanğıca doğru addım atacaq” - Nazirlər səs verdi - Yenilənib

turkiye-yaxsi-baslangica-dogru-addim-atacaq
Oxunma sayı: 1232

“İnşallah ölkəmiz indiyə qədər olduğu kimi bu seçkini də demokratik yetkinliklə başa vuracaq və Türkiyə yeni bir prosesə, yaxşı başlanğıca doğru addım atacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu prezident seçkilərinin ikinci turu üçün səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, seçki prosesi problemsiz davam edir: “ 60 gündür Türkiyədə demokratiya festivalı keçirilir. Ümid edirəm ki, bu, millətimiz və gələcək nəsillər üçün xeyirli olacaq”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu baş tutur. Hazırda prezidentlik kürsüsü uğrunda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. Bu turda ən çox səs toplayan namizəd növbəti 5 il Türkiyə Prezidenti olacaq.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51%, müxalifət lideri isə 44,88% səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Oğan ikinci turda Ərdoğanı dəstəklədiyini bildirib.

***

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident seçkilərinin ikinci turu üçün Antalyanın Alanya rayonunda səs verib.

Çavuşoğlu səsini verdikdən sonra jurnalistlərə bildirib ki, iki həftə əvvəl xalqın iradəsi və qərarı ilə prezident seçkiləri ikinci tura keçib: “Demokratik yetkinliklə keçən seçkilərdə əslində bütün dünyaya dərs verdik. Yəni türk milləti demokratiyaya düşkündür və seçkilər festival kimi keçirildi. Ümid edirik ki, ikinci tur da demokratiya festivalı şəklində baş tutacaq”.

***

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop İstanbulda prezident seçkilərinin ikinci turu üzrə səsvermədə iştirak edib.

Səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran Şəntop seçkilərin hər kəs üçün uğurlu olmasını arzulayıb: “İnanıram ki, nəticələr Türkiyənin gələcəyi üçün uğurlu olacaq. Türkiyə xalqınının şəffaf, demoktratik seçkilərlə bağlı təcrübəsi var”.