UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi

uefa-qarabagla-oyunda-bas-verenlere-gore-olimpiyanin-sikayetini-redd-etdi
Oxunma sayı: 2497

UEFA Sloveniya klubu “Olimpiya”nın Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdiyi ilk oyunla bağlı apellyasiya şikayətini cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumu sloveniyalıların istəyini rədd edib.

Yəni qurumun Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-dəki qərarı qüvvədə qalıb. Həmin vaxt Lyublyanadakı görüşdə meydana əşyaların atılmasına görə ev sahibləri 22 min 625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnmişdi. Qarşılaşma isə “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, pley-offun Bakıdakı cavab matçında rəqibi ilə bərabərə qalan (1:1) “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.