Ukrayna İsraildən Mindiçi tələb edib

ukrayna-israilden-mindici-teleb-edib
Oxunma sayı: 712

Ukrayna Baş Prokurorluğu “Enerqoatom” dövlət şirkətində irimiqyaslı korrupsiya sxemini idarə etməkdə ittiham olunan tanınmış iş adamı Timur Mindiçin ekstradisiyası üçün İsrailə rəsmi müraciət ünvanlayıb.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat katibi Maryana Qayevskaya-Kovbasyuk məlumat yayıb.

Bildirilib ki, Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) ilə birlikdə aparılan 24 cildlik “Midas əməliyyatı” (Midas-gate) üzrə istintaq yekunlaşıb və hazırda İsraildə sığındığı bildirilən Mindiçin təhvil verilməsi prosesinə başlanılıb.

Qeyd edək ki, Timur Mindiç Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş biznes tərəfdaşı və “Kvartal 95” studiyasının həmtəsisçisidir. İstintaq materiallarına görə, o, dövlət müəssisələrindən təxminən 100 milyon dollar vəsaitin mənimsənilməsi və podratçılardan 10-15% civarında “otkat” tələb edilməsi sxeminin əsas təşkilatçısı hesab olunur. Məhz bu qalmaqal fonunda Ukraynanın energetika naziri və bir neçə yüksək vəzifəli məmur istefaya göndərilib.

Xatırladaq ki, Mindiç hələ 2025-ci ilin noyabrında NABU tərəfindən evində axtarışlar başlamazdan bir neçə saat əvvəl Ukrayna sərhədini qanuni yolla (üç uşaq atası olduğu üçün – red.) tərk edərək İsrailə qaçıb.