Uşaq sığınacağında kütləvi yoluxma - 15-i xəstəxanadadır - Yenilənib

usaq-siginacaginda-kutlevi-yoluxma
Oxunma sayı: 5004

Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan uşaqlardan 40 nəfərə yaxını qızılcaya yoluxub.

Bu barədə “Qafqazinfo”ya sığınacaqdan məlumat verilib. 

Bildirilib ki, 15 gündür, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur:

“Hazırda 15-dən çox uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Bu say tez-tez dəyişir. Çünki tibb müəssisəsinə yerləşdirilən uşaqlardan bəziləri sağalaraq sığınacağa qaytarılır. Yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir. Hazırda uşaqların vəziyyətləri normaldır. 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərindən gələni edirlər”.

Sığınacaqdan həmçinin bildirilib ki, yoluxan uşaqların çoxu peyvənd olunmayıb:

“Uşaqlar sığınacağa gətiriləndə baxımsız vəziyyətdə olurlar. Buna görə də onların çoxu qızılcaya qarşı peyvənd olunmayıb”.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib:“Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. 10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir”. 

Gülnar Əliyeva