Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi

vahid-elekberov-lukoylun-rehberliyinden-getdi
Oxunma sayı: 12506

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Lukoyl” şirkəti məlumat yayıb.

““Lukoyl” ASC-nin prezidenti və Direktorlar Şurasının üzvü Vahid Yusifoviç Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək barədə qərarı ilə bağlı ASC-ni məlumatlandırıb”, - deyə açıqlamada vurğulanıb.

Bildirilir ki, martın 31-nə olan məlumata görə, Ələkbərov “Lukoyl” şirkətinin səhmlərinin 3,12%-nə nəzarət edirdi. Bundan əlavə, sahibkar etimad və investisiya fondları vasitəsilə səhmlərin 5,43%-ində benefisiar iqtisadi marağa (səsvermə hüququ olmadan) malik idi.

Qeyd olunur ki, V.Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib. Bundan əlavə, sahibkar “Spartak” futbol klubuna nəzarət edir.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya Vahid Ələkbərova qarşı sanksiya tətbiq edib.

O, Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir. “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Həmçinin oxuyun: Məşhur avtosalon barəsində 4 məhkəmə iddiası qaldırıldı