Xətaidə bu binanın qarşısında park açıldı - Fotolar+Video

xetaide-bu-binanin-qarsisinda-park-acildi
Oxunma sayı: 3757

İyunun 1-də “Heydər Əliyev İli” çərçivəsində Xətai rayonu, İlqar Zülfüqarov küçəsi  103  və 109 saylı  yaşayış binalarının qarşısında  parkın və rayon Ağsaqallar Şurasının inzibati binasının açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev,  rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov, rayon ağsaqqalları və sakinlər iştirak ediblər.

Ərazisi 1 hektar olan pakda 6500 kv m sahədə yaşıllıq zolağı, 3000 kv m ərazidə piyada zolağı salınıb, 850 ədəd gül kolu və ağac əkilib. Sakinlərin istirahəti üçün velosiped zolağı çəkilib, idman və uşaq əyləncə qurğuları quraşdırılıb, şahmat sahəsi yaradılıb. Yeni işıq dirəkləri və skamyalar qoyulub.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, atılan hər bir addım Ümummilli Liderin  fəaliyyətinin bir istiqamətinin təqdimatıdır.

Ümummilli Liderin adını daşıyan park paytaxtda salınan yaşıllıqlar sırasında xüsusi yer tutur. Tədbirin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyini nəzərə alsaq, yeni  istifadəyə verilən parkı onlara bayram hədiyyəsi kimi dəyərləndirə bilərik.

Rafiq Quluyev bu gün açılışı edilən rayon Ağsaqqallar Şurasının inzibati binası ilə bağlı bildirdi ki, onlar üçün bu şəraitin yaradılması hər zaman diqqətdə olan məsələlər sırasında olub. Rayon ağsaqqallarının bir araya gəlməsi üçün daimi məkanın olması mütləqdir. Hər zaman onların tövsiyələrinə ehtiyac duyulur. 

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirdi ki, Azərbaycanda “ağsaqqal” sözünə ehtiramla, diqqətlə yanaşılmasının çox qədim tarixi və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə vacib sayılıb.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə rayon ağsaqallarını bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir. Azərbaycan xalqının bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlər sistemi mühüm rol oynayıb.