Bakı-Quba yolunda yanacaq daşıyan yük avtomobili qəzaya düşüb.
“Qafqazinfo” “Shimal.News”a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.
Bildirilib ki, nəqliyyat vasitəsi beton arakəsməyə çırpılaraq aşıb.
Hadisə səbəbindən Bakı istiqamətində yol bağlanıb.
Araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə yol qəzası baş verib və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyənləşib.
Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
***
Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün, saat 10:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 99-cu kilometrliyində, Siyəzən rayonu ərazisində Elşad Rəhimovun idarə etdiyi “DAF” markalı yük avtomobilinin ön təkərində yaranmış nasazlıq səbəbindən baş verib: "Nəticədə avtomobil idarəetmədən çıxaraq beton arakəsmələrlə toqquşub və qarşı yola çıxaraq aşıb. Qəza nəticəsində avtomobilə ciddi zərər dəyib. Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Sürücülərə müraciət edərək onları qeyd olunan hadisədən düzgün nəticə çıxarmağa, avtomobillərinin texniki sazlığını daim nəzarətdə saxlamağa, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri avtomobillərin texniki vəziyyətinin reysqabağı yoxlanılmasına nəzarəti daha da artırmağa çağırırıq".