31 may, Bakı. Bulud platforması “Yandex Cloud” və proqram təminatı distribütoru “MONT” aralarında əməkdaşlığın başlandığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, indi Azərbaycanda olan “MONT” tərəfdaşları provayderin bütün xidmətlərindən istifadə edə bilərlər.
Bu, sistem inteqratorlarına, proqram tərtibatçılarına, veb-studiyalara bulud həllərinin satışını artırmağa, onların müştərilərinə isə veb-tətbiqlərin və xidmətlərin işlənib hazırlanmasını sürətləndirməyə və təkmilləşdirməyə, verilənlərlə işləməyə, süni intellektin tətbiqinə və s. imkan verəcəkdir.
Rəqəmsal transformasiya Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın prioritet istiqamətidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın rəqəmsal transformasiyasını dəstəkləyən dövlət qurumudur. Qurum ölkədə kiçik və orta biznesə maliyyə dəstəyi və konsaltinq xidmətləri göstərir. Qeyd etmək lazımdır ki, KOBİA-nın mühüm fəaliyyət istiqaməti yerli şirkətlərin biznes proseslərinə bulud həllərinin geniş şəkildə tətbiq etməkdən ibarətdir.
Qlobal inkişaf planına əsasən, bu kimi tərəfdaşlıqlar Azərbaycan üçün xüsusi dəyərə malikdir. Biznes üçün 50-dən çox bulud platforması xidməti əlçatan olacaq. Platforma xidmətlərindən, məsələn, veb-saytların işlənib hazırlanması və dəstəklənməsi, zəng mərkəzlərinin avtomatlaşdırılması, süni intellektlə işləmək və korporativ məlumat bazalarının yaradılması məqsədilə istifadə edilə bilər.
“Qafqaz ölkələrinin bazarlarında bulud mühitində həllərin işlənib hazırlanmasına tələbatın artdığının şahidi oluruq. Biznes öz məhsullarını daha rəqəmsal etmək və müxtəlif yüklərə və bazar ehtiyaclarına uyğunlaşdırmaq istəyir. Biz yeni uğurlu həllərin yaradılmasında etibarlı biznes tərəfdaşına çevriləcəyik və bütün mərhələlərdə tam dəstək verəcəyik”, − deyə “Yandex Cloud” platformasının kommersiya direktoru Aleksandr Çernikov şərh edib.
“MONT” tərəfdaşları bulud platformasının xidmətlərini sınaqdan keçirə, eləcə də İT mütəxəssislərinə provayderin xidmətləri ilə işləmək məqsədilə təlim keçə biləcəklər. Bununla yanaşı, “Yandex Cloud” bütün pilotlar mərhələsində səmərəli və texniki dəstək verəcəkdir.
Həmçinin şirkətlər indi bulud platformasının xidmətlərinin haqqını yerli valyuta – Azərbaycan manatı ilə ödəyə, yerli qanunvericiliyə uyğun sənəd dövriyyəsini apara və “Mont” proqram təminatı distribütorunun ekspertizasından istifadə edə biləcək.
“Minlərlə müştəri “Yandex Cloud” bulud xidmətlərindən istifadə edir və bu həllə keçən müştərilərin sayı sürətlə artır. İndi “MONT” tərəfdaşları öz müştərilərinə, fiziki və hüquqi şəxslərə “Yandex” buludunun bütün imkanlarını təklif edə biləcəklər. Tərəfdaşlıq kanalında “Yandex Cloud”un əlçatarlığı, ilk növbədə, biznes istifadəçiləri üçün əlverişlidir. Əsas müştərilər üçün xidmətlərin alınması, qurulması və inteqrasiyası daha rahat proses olacaq”, − deyə “MONT” bulud distribütoru departamentinin direktoru Dmitri Yelin açıqlama verib.
Son xəbərlər
Son Xəbərlər