“Əvvəllər biz bələdiyyələrlə bağlı danışanda, onlara icra hakimiyyətlərin təsiri, mane olmasını qabardırdıq. Amma indi faktiki olaraq icra hakimiyyətləri də yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum olublar”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
“Mənə elə gəlir ki, biz yerlərdə idarəetmə modeli tapana qədər ya bələdiyyələrin statusunu genişləndirməli, ya da icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. Çünki mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı narazı sala biləcək problemlərin həllinə diqqət ayırmaqda çətinlik çəkirlər. Bu mənada Böyük Şəhər Bələdiyyəsinin yaranması vacibdir”, - deputat qeyd edib.
***
Deputat Vüqar Bayramov əlavə edib ki, 2025-ci ildə dövlət büdcəsindən yerli büdcələrə 7,5 milyon manat dotasiya ayrılıb: “Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılması deməkdir. Bu isə o deməkdir ki, bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir.
Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədəuyğun olardı. Son birləşmədən sonra da Azərbaycanda bələdiyyələrin sayı struktur olaraq yaxın ölkələrlə müqayisədə yenə də çoxdur. Belə ki, Bolqarıstanda 265, Belarusda 200, Rumiyada 103, Gürcüstanda 69, qardaş Türkiyədə 1394 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə və eləcə də şəffaflığına təsir göstərir.
Bütün bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövsiyə edərdik:
- Dövlət büdcəsindən dotasiyanın verilməsində keyfiyyət meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya alsın;
- Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəb və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilsin;
- Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması prosesi daha da sürətləndirilsin, bu saxta sənədlərin verilməsinin qarşısını almaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da artırar.
- Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi üçün fiskal mənbələrin sayı artırılsın”, - deputat bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər