Beyləqanda Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olundu - Fotolar

beyleqanda-dovlet-xidmetinin-yaradilmasinin-ildonumu-qeyd-olundu
Oxunma sayı: 660

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəhbərliyi və əməkdaşları, Füzuli rayon Hərbi Prokurorluğunun rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Beyləqan RİH başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyini və əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Dövlət Xidməti ölkəmizdə ordu quruculuğu prosesinin mühüm tərkib hissəsidir. Ə.Əzizov Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu hərbi islahatlardan, Vətən müharibəsində qazanılan tarixi Qələbədən və bu Qələbədə səfərbərlik sisteminin rolundan bəhs edib. Qeyd olunub ki, çağırışçıların uçotunun düzgün təşkili, vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, səfərbərlik ehtiyatlarının formalaşdırılması dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Rayon rəhbəri xidmət əməkdaşlarının məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrik məktubu xidmətin əməkdaşı tərəfindən tədbir iştirakçılarına çatdırılıb. Təbrik mətnində xidmət əməkdaşlarının peşəkarlığı və vətənə sədaqətli fəaliyyəti yüksək qiymətləndirilib, qarşıya qoyulan vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.

Daha sonra Beyləqan RİH başçısı Əziz Əzizov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə rayon şöbəsinin rəhbərliyini və əməkdaşlarını Fəxri Fərmanla təltif edib.

Sonda SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, səfərbərlik sisteminin daim təkmilləşdirildiyini, çağırış prosesinin şəffaf və qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini qeyd edib, rayon rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə təşəkkürünü ifadə edərək kollektiv adından gələcəkdə də dövlətə və xalqa sədaqətlə xidmət edəcəklərini vurğulayıb.