Yasamal rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, millət vəkilləri , YAP Yasamal rayon təşkilatının rəhbərliyi, ali təhsil ocaqlarının rektorları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,təhsil,səhiyyə qurumlarının təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Elşad Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” ili elan olunub.
RİH başçısı qeyd edib ki, Sərəncamın icrası ilə bağlı Yasamal rayonunda idarə, müəssisə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə, mədəniyyət ocaqlarında silsilə tədbirlər, seminarlar, konfranslar, dəyirmi masalar baş tutub.
Bildirilib ki, Prezidenti İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması məqsədilə Yasamal rayonunda bütün zəruri tədbirlər görülür və 2025-ci il ərzində rayonda 7096 yeni iş yeri açılıb.
“Prezidentin Fərman və Sərəncamlarının icrasına nəzarət etmək məqsədilə Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılıb. Sistemdə 80 fərman və sərəncamlar üzrə 311 tapşırıq Yasamal Rayon İcra Hakimiyyətinə aid edilib. Ümumilikdə Yasamal Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət Nəzarəti İnformasiya Sistemi üzrə son 3 ilin ardıcıl yekunlarına görə 100 faiz göstərici ilə ilk yerdə qərarlaşıb.
Çıxışının sonunda Elşad Həsənov bir daha əmin edib ki, Yasamal Rayon İcra Hakimiyyəti öz üzərinə düşən bütün vəzifələri müntəzəm, tam həcmdə və yüksək keyfiyyətlə bundan sonra da yerinə yetirəcək.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,millət vəkilləri Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik hüquqi şəxsin direktoru Əlviz Qasımov, şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimli, Xüsusi Təyinatlı Qüvvələrin qazisi Şamxal Ağayev, Azərbaycan Ağsaqqallar Şurası Yasamal rayon təşkilatının sədri Fuad Məmmədov və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin Yasamal rayonunda da davamlı şəkildə dəstəklənməsinin zərurətini vurğulayıblar.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev öz çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.
Daha sonra Yasamal RİH başçısının müavini Təravət Muradova hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciəti səsləndirib və müraciətin mətni iştirakçılar tərəfindən qəbul edilib.








Son xəbərlər
Son Xəbərlər