“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar müzakirə olundu - Fotolar

yay-fest-2026da-muasir-seherler-ve-texnologiyalar-muzakire-olundu
Oxunma sayı: 198

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Yay Fest 2026”nın 3-7 avqust tarixlərini əhatə edən “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi uğurla başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı rayonunda təşkil olunan və festivalın sayca dördüncü düşərgəsinin əsas məqsədi gənclərin müasir şəhərsalma, memarlıq, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və dayanıqlı inkişaf istiqamətlərində bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı düşüncə tərzinin formalaşdırılması, liderlik və komanda ruhunun gücləndirilməsi olub.

Düşərgə çərçivəsində müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin iştirakı ilə gənclər üçün “Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik”, “Qayıdışdan gələcəyə: Təhlükəsizlik və davamlı inkişaf”, “AI for Digital City”  və “Ağıllı robotlar, ağıllı gələcək” mövzularında görüşlər keçirilib. Yay Fest iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, müasir şəhərsalma təcrübəsi, mina təhlükəsi,  təhlükəsiz qayıdışın təmin olunması, süni intellektin gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunmasındakı rolu, ağıllı şəhər həlləri, robot texnologiyaları və gələcəyin peşələri barədə məlumat əldə ediblər.

Eyni zamanda IDEA İctimai Birliyinin təqdimatında iştirakçılar üçün “Urbanizasiya dövründə ekoloji çağırışlar və innovativ həllər” mövzusunda interaktiv sessiya təşkil olunub. Düşərgə müddətində Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycanın zəngin tarixi və dövlətçilik ənənələri mövzusunda gənclərlə görüşü də baş tutub.

Maarifləndirici proqramla yanaşı, gənclərin həm əyləncəli, həm də öyrədici zaman keçirməsi üçün “Sənin ideyan: Gələcəyin şəhəri!” ideyatonu, “KOD Qarabağ” intellektual oyunu, “DİRÇƏLİŞ” Urban Art vörkşopu, airsoft taktiki oyunu, Rəsədxana muzeyinə ekskursiya, idman yarışları və komanda quruculuğu fəaliyyətləri təşkil olunub. 

“Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.