Bu həftə Azərbaycan yazıçılarının qurultayı oldu. Və bu qurultay Anarın seçkisilə yadda qaldı. Doğrudan da ondan başqa heç kim seçilmirdi və elə o da sonda seçildi.
Yazıçıların bu ali, səlahiyyətli toplantısı axırıncı dəfə 2004-cü ildə keçirilmişdi.10 il əvvəl yəni. Onda Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Qabil, İsa Hüseynov, Hüseyn Abbaszadə, Gülhüseyn Hüseynoğlu, Qılman İlkin və daha kimlər-kimlər hələ ölməmişdi, sağ idi.
Anar dünyadan köçənlərin adlarını sadalayanda təkcə yazıçıların qurultayının doğurdan da çox yubandığının fərqinə varmadım, həm də itirdiklərimizin fərqinə vardım. Onlar Azərbaycan ədəbiyyatına hərəsi bir cür töhvə vermiş insanlardı. O, insanlar ki, bu gün təəssüflə yad etməyimizə rəğmən, sağlığında bəlkə də heç qədrinidə bilməmişik. Necə ki, bu gün Anarın, bir başqasının qədrini bilmədiyimiz kimi. Bəli, yazıçıların qurultayı məhz belə bir şəraitdə - Anara qarşı xoşagəlməz söz-söhbətlərin fonunda baş tutudu. Və bu söz-söhbətdər o qədər turşudu ki, hətta sonda sirkə-badımcan qoxuyan ədəbiyyat nümunələri yarandı.
"Heyvərə sirkə-badımcan, unutmasın bunu ancaq, sirkə çox tünd olan zaman, öz qabını çatladacaq."
Bu, Anarın Seymur Baycana yazdığı həcvdir və təsadüfi olaraq yadıma salmadım. Bununla paralel olaraq, həm də yadıma uşaqlıqdan dilimə yatmasa da, sevə-sevə təkrarladığım dezoksiribonuklein turşusunu saldım. Bilənlər bilir ki, bu turşu DNT-ni yəni genlərin əsasını təşkil edir. Bəli, Anar da daxil omaqla indiki yaşlı ədəbiyyat adamlarına gənc yazarların bu günkü münasibəti də sanki genetik səciyyə daşıyır.
Əgər 1937-ci ildə qocalar danos yazıb gəncləri güdaza verirdilərsə, indi gənclər də qocaları imkanları olsa, özləri güllələyər. Yəni, genlər, qan yaddaşı bütün hallarda öz sözünü deyir. Bəs bu çəkişmələr, qocalar və cavanlar problemi ədəbiyyatda öz sözünü deyirmi? Yəni ədəbiyyatımız bundan nə qazanır? Cəsarətlə heç nə deyərdim. Çünki, son illər hamımızın nifrətlə yad etdiyimiz Əkrəm Əlislinin “Daş yuxular”ını çıxmaq şərtilə, elə bir Azərbaycan yazıçısı tanımıram ki, onun yazdığı bir şermi, hekayəmi, romanmı ədəbi hadisəyə çevrilsin. Əksinə, yazarlarımız hadisədən ədəbiyyat yaratmağa çalışırlar. Bu gənc yazarsa, az qala bütün bunların günahını qocaman yazıçılarda görür.
Gənc yazar Mirmehdi Ağaoğlu deyir ki, gənclər bir şey yazan kimi, orada açıq-saçıq bir şey tapan kimi onu bəyənmirlər, dışlayırlar.
- Anar özü də Təhminə və Zauru yazıb. Orada çılpaq şeylər var. Yox. Orada daha ilıqdır o əsər, daha çılpaq.
Bəlkə elə haqlıdırlar. Çılpaq yazmaq nə verir bizə?
- Yox, məsələ çılpaq yazmaqda deyil ki, məsələ yaxşı əsər yazmaqdadı. Dünyada bədii əsər çılpaqdı, çılpaq deyil kimi baxmırlar. Bədii əsərin bədii keyfiyyətinə baxırlar.
Tolstoy deyirdi ki, insanlar məni “Hərb və Sülh” cəfəngiyyatına görə sevirlər. Həqiqətən də bu təvazökar yazıçının qəhrəmanı knyaz Balkonski İngiltərədə tarixi şəxsiyyətlərlə bağlı keçirilən bir sorğuda görkəmli dövlət xadimi Çörçildən çox səs toplamışdı. Baxmayaraq ki, o tarixi şəxsiyyət deyildi, yazıçı təxəyyülünün məhsuluydu, amma bu onun sübutu oldu ki, yazıçının yaratdığı obraz Allahın yaratdığı obraza çevrilə bilər. Başqa sözlə, güclü yazıçı öz əsərilə tarix yaratmaq qabiliyyətindədir. Bu gün bizim nə Tolstoyumuz var, nə də Balkonskimiz. Amma balkonunda özünü günə verən yazıçıların toplaşdığı bir Yazıçılar Birliyimiz var ki, bu gün belə bir birliyini qalıb-qalmaması da müzakirə mövzusudur. Məsələn, əksəriyyət deyir ki, niyə bu tip qeyri-hökümət təşkilatları dövlət düdcəsindən maliyyələşməli, dövlət əmlakından öz şəxsi ofisləri kimi istifadə etməlidirlər ki, rəhbərləri sonda vəzifə kürsüsünü tərk etmək istəməsin, üzvləri isə yaradıcılıq qısırlığından əziyyət çəksinlər. Maraqlı fikirlərdir, amma bunun əksini düşünənlər də var.
Yazıçı Seyran Səxavət isə deyir ki, Azərbaycanda Yazıçılar Birliyinin olması mütləq lazımdır: “Necə olur ki, bu gün qadınların yüzdən artıq birliyi ola bilir. Eyni zamanda da polislərin, bundan başqa Müdafiə Nazirliyində qulluq etmiş zabitlərin birliyi ola bilir. Ümumiyyətlə Azərbaycanda Yazıçılar Birliyinin olması çox gözəldir”.
Dünyanın super ölkələrində, Amerikada - filanda Yazıçılar Birliyi deyilən bir qurum yoxdur. Amma onların böyük ədəbiyyatı var. O ədəbiyyat ki, sərhədləri aşıb, biz də özümüzünküləri yox, onları oxuyuruq. Bu gün Azərbaycanda əsərləri dünyada az-çox tanınan, çap olunan Çingiz Abdullayevdir. Hansı ki, “sənət-sənət üçündür” prizmasından yanaşanlar onun yazdıqlarını bəyənmirlər. Amma çox nahaq yerə. Çingiz Abdulalyev prezidentdən təqaüd ummayan, bəy kimi dolanan və buna da məhz qələmilə nail olan yazıçıdır. Onun yazdıqları ola bilsin ki, sənət üçün deyil, amma hamı üçündür. Yazıçıların qurultayında xalq şairi Vaqif Səmədoğlunun "gör nə günə qalmışam ki, mənə fiziki cəhətdən Çingiz Abdulayev kömək edir" replikasında da bir rəmzi məna axtarmalıyıq. Məncə Vaqif Səmədoğlu öz timsalında sözün əsl mənasında qocalan və yardıma ehtiyacı olan ədəbiyatımıza işarə edirdi.