Yerin təkindən istifadə qaydaları dəyişdirilir - Yenilənib

yerin-tekinden-istifade-qaydalari-deyisdirilir
Oxunma sayı: 581

Yerin təkindən istifadənin növlərinin siyahısı genişləndiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil ediləcək.
Bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur.

Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək. Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir.

Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.

***

Bundan başqa, yer təkinin istifadəyə verilməsi qaydaları da təkmilləşdiriləcək. Qanun layihəsinə əsasən, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq veriləcək.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı