Yevlaxda 2025-ci ilin yekunları müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən hesabat iclasında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Milli Məclisin deputatları İlham Məmmədov, Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin müqəddəs xatirəsini ehtiramla yad ediblər.
Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Yevlax rayonunun sosial-iqtisadi inkişafına həsr edilən film nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev hesabat məruzəsində bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” kimi qeyd etdiyimiz 2025-ci il bir sıra ciddi siyasi və iqtisadi uğurlarla yadda qalıb. Bu il həm də böyük Zəfərimizin beşinci ili kimi tarixə düşüb.
Hesabat dövrü Prezidentin qarşımıza qoyduğu tapşırıqların icrası istiqamətində Yevlax rayonu üçün də uğurlu olub. Belə ki, sosial-iqtisadi sahələrdə inkişaf davam etdirilib, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və aztəminatlı ailələrə diqqət və qayğı göstərilib, əhalinin sosial problemlərinin həlli istiqamətində işlər həyata keçirilib, abadlıq-quruculuq, təmir-tikinti, yaşıllaşdırma işləri aparılıb, əsas göstəricilər üzrə müsbət nəticələr əldə olunub.
Prezident İlham Əliyev 2025-ci ilin 23 iyun və 27 sentyabr tarixlərində iki dəfə Yevlaxa səfər edərək mühüm infrastruktur layihələri olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun,110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının və Yevlax Olimpiya İdman Kompleksinin açılışlarını edib.
Yevlaxın tarixində ilk dəfə olaraq beynəlxalqsəviyyəli idman yarışları olan III MDB oyunları çərçivəsində boks yarışları şəhərin Olimpiya İdman Kompleksində yüksək səviyyədə təşkil edilib.
Qeyd edilib ki, Yevlaxda il ərzində geniş sosial-ideoloji və maarifləndirici tədbirlər keçirilib, rayonun iqtisadi göstəriciləri artıb, qeyri-neft sektoru inkişaf etdirilib, yeni istehsal sahələri və iş yerləri açılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı rayonda görülən abadlıq-quruculuq, tikinti işlərindən, eləcə də kənd təsərrüfatının aparıcı sahəsi olan pambıqçılıq, heyvandarlıq, baramaçılıq və taxılçılıqdan danışıb, məşğulluğun artırılması, sosial rifahın yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, 2025-ci ildə Yevlaxda abadlıq-quruculuq işləri geniş vüsət alıb, yol, su, elektrik təsərrüfatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Sakinlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində şəhid ailələri, qazilər və aztəminatlı ailələrə daimi diqqət və qayğı göstərilib, əhalini narahat edən sosial problemlərin həlli ilə bağlı rayonun kənd və qəsəbələrində səyyar görüşlər keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı hesabat dövrü ərzində görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr və mövcud problemlərə də toxunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, həmçinin rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.
Şirvan Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Əliqulu Abbasov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova çıxış edərək öz sahələri üzrə görülən işlərdən, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.
Hesabat yığıncağının sonunda 2025-ci ildə rayonun ictimai və sosial həyatında fəal iştirakına görə bir qrup şəxsə Fəxri fərmanlar, hədiyyələr təqdim edilib. YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.