Yevlaxda konfrans keçirildi - Fotolar

yevlaxda-konfrans-kecirildi
Oxunma sayı: 1764

Vətən müharibəsində qazanılan Şanlı Qələbənin 3-cü ildönümü ilə əlaqədar Yevlaxda “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yevlax Şəhər rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, YAP fəalları, hərbçilər, şəhid ailələrinin üzvləri, qazi və veteranların iştirakı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək, dahi Şəxsiyyətin ruhunu dərin ehtiramla yad ediblər.  

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, ulu öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 8 Noyabr - Zəfər Günü münasibətilə bütün yevlaxlıları səmimi-qəlbdən təbrik edib, xalqımıza hər zaman qələbə sevincini yaşamağı arzulayıb. Şəhər rəhbəri qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində əvəzolunmaz rolu olan dahi Şəxsiyyətdir. Belə ki, Ölkəmizin hansı sahədə olmasından asılı olmayaraq qazandığı bütün uğurların əsasında məhz ulu öndərin imzası var. Müasir Azərbaycan tarixinin formalaşması Ümummilli Lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövründə mümkün olmuşdur. Onun miras qoyub getdiyi uğur strategiyası, müstəqil ölkəmizin qüdrəti dahi ideyalarının təntənəsidir. 30 ilə yaxın bir dövr ərzində xalqın ürəyindəki Vətən həsrətinin davam etməsindən daha pisi, tarix səhnəsindən Azərbaycan məfhumunun silinməsi olardı ki, ulu öndər məhz Azərbaycanın varlığını bu çətin vəziyyətdə qoruyub saxlamağı bacarmışdı. Ümummilli Liderin və xalqın yeganə istəyi isə öz siyasi davamçısının vahid Azərbaycanı bərpa etməsiydi. Bu, onun öz davamçısına ata vəsiyyəti idi. 

Qürurla söyləyə bilərik ki, ulu öndərin qurduğu müasir, müstəqil Azərbaycan dövlətinin tərəqqisi və ərazi bütövlüyünün təmin olunması missiyası möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. Prezidentin rəhbərliyi ilə  rəşadətli Ordumuz düşməni işğal altındakı torpaqlardan qovaraq çıxarması nəticəsində hərb tariximizə və xalqımızın yaddaşına Şanlı Qələbə qızıl hərflərlə yazıldı. "Qarabağ Azərbaycandır!" deyərək başladığımız haqq savaşında Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, Ordumuzun gücü sayəsində Azərbaycanın qüdrətli dövlət olduğunu və haqlı mübarizə apardığımızı bütün dünyaya bir daha nümayiş etdirdik. Bu gün Azərbaycanı dünyada uğurlu dövlət və regionun lideri kimi tanıyırlar. Azərbaycanın bu günkü qüdrəti reallıqdır və bu həqiqəti inkar etmək mümkün deyil.

Konfransda çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,şəhid polkovnik-leytenant Soltan Məmmədovun bacısı Tərifə Məmmədova, “N” saylı hərbi hissənin komandiri, Vətən müharibəsi iştirakçısı polkovnik–leytenant Elvin Rzayev, Hürüuşağı kənd tam orta məktəbinin müəllimi, Birinci Qarabağ müharibəsi veteranı Qurban Qurbanov çıxış edərək bildiriblər ki, milli qürur və iftixar mənbəyimiz olan ulu öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız öz Şəxsiyyətinin əziz xatirəsini həmişə uca tutur, minnətdarlıqla anır, Ümummilli Liderin 100 illik yubileyini, 2023-cü il- “Heydər Əliyev İli”ni  və tarixi Zəfərimizin böyük təntənə ilə qeyd edir. Ulu öndərin Azərbaycanın qüdrətli və inkişaf etmiş bir dövlət olmasına yönəltdiyi siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 3 il əvvəl Azərbaycan ordusu əzəli düşmənimiz üzərində Şanlı Qələbə qazandı. Prezidentimizin səyləri ilə indi Azərbaycan Ordusu yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutub. Bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyünü tam şəkildə təmin etdiyi və Zəfər bayramını qürur hissi ilə qeyd etdiyi üçün çox xoşbəxtdir. Hər kəs şahid oldu ki, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasət bizi firavan gələcəyə doğru inamla aparır.  

Tədbirin sonunda əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev  "Zəfərlərin mübarək Ali Baş Komandanım" şeiri ilə çıxış edib.