Zəfər Günü Şirvanda silsilə tədbirlərlə qeyd edildi - Fotolar

zefer-gunu-sirvanda-silsile-tedbirlerle-qeyd-edildi
Oxunma sayı: 2516

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət edib, şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət ediblər.

Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçirilib. 

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2023-cü il “Heydər Əliyev İli” və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib. 

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi şanlı qələbə ilə sona çatıb.

Daha sonra M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər abidəsinin önündə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub. Respublikamızın və şəhərimizin incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda atəşfəşanlıq olub.

Eyni zamanda Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Şirvan Salyan Regional təhsil idarəsi ilə birlikdə Şirvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yürüşü” təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin abidəsindən başlayan yürüş şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər” abidəsinədək davam edib. Tədbirdə şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlarına, məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəblilərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək!” adlı fləşmob təşkil olunub.

Silsilə tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə şəhərin Bayraq meydanında, Heydər Əliyev prospektində və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Zəfər abidəsi” ətrafında ağacəkmə aksiyaları təşkil olunub. Aksiyalar zamanı həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.