Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Xalq Cumhuriyyəti dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun “Qafqazinfo”ya müsahibəsi
- Nəsiman müəllim, Azərbaycan Xalq Cumhuriyyəti dövründəki parlamentlə hazırkı Azərbaycan parlamenti arasında hansı fərqlər var?
- Cümhuriyyət dövründə parlamentdə təmsil olunan insanların əksəriyyəti doğrudan da xalq tərəfindən dəstəklənən və seçilən insalar idi. O parlamentdə təmsil olunan insanların böyük bir qurupu vaxtilə Zaqafqaziya Seyminin üzvləri olub. Eyni zamanda həmin adamların əksəriyyəti Avropa ölkələrində, Rusiyada, Türkiyədə yüksək təhsil almış insanlar idi. Həqiqətən də Azərbaycan parlamentində qanunların qəbul edilməsində yaxından iştirak edirdilər. Həmin parlamentdə hər bir hökumət kabinəsi partiyaların etimadı əsasında formalaşırdı. Orada aparıcı partiyalar hökumət kabinəsinə səs vermədikdə o istefaya gedir, digər hökumət kabinəsi yaranırdı. Bu doğrudan da yüksək siyası mədəniyyət nümunəsi idi ki, Azərbaycan parlamentində öz əksini tapırdı. Ona görə də bu gün çoxları onu təəccüb içərisində qarşılayırlar ki, nə üçün Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində 4-5 dəfə hökumət kabinəsi dəyişdi. Çoxları bunu anlamır ki, bu demokratiyanın göstəricisi idi. Bu idarəçiliyin demokratikləşməsini tam şəkildə bərpa edirdi. Ümumiyyətlə, o dönəmki Azərbaycan parlamentində çoxlu sayda qanunlar qəbul edilirdi ki, bu qanunlar insanların həyatında hiss olunurdu. Bu gün də Azərbaycan parlamentində çoxlu sayda qanunlar qəbul edilir, amma bu qanunlar insanların həyatında hiss edilmir. Qəbul edilir və özlərinin dediyi kimi kağız üzərində, kabinetlərdə və ya nazirliklərdə qalır. Amma o dövrdə qəbul olunan qanunlar xalqın problemləri ilə birbaşa bağlı idi. İndi qəbul olunan qanunların çoxu real həyatla səsləşmir, sanki Avropa ölkələrinin qanunlarının köçürmə variantına oxşayır. O dövrdə qanunların əksəriyyətini insanlar özləri yaradırdı. Yəni, ictimai həyatda baş verən problemlər əsasında qanun hazırlayırdılar və bu problemləri də həll edirdilər. Yəni bu dərəcədə fərqli məqamlar var idi. Eyni zamanda həmin parlamentdə çox qızğın diskussiyalar, mübahisələr gedirdi. Amma bunların hamısı yüksək etika və mədəniyyət çərçivəsində olurdu. İndiki bizim parlamentdə isə hər hansı bir məsələ müzakirə ediləndə demək olar ki, 99 faiz mütləq lehinə səs verir, bəzən bir nəfər bitərəf olur, uzağı bir nəfər də nəyəsə etiraz edib, əleyhinə gedər. O dövdə isə məsələ belə deyildi. Qanunu səsə qoyurdular və labüd hesab edilməyəndə qəbul edilmirdi . İndi heç o hal yaşanır ki, qanun qəbul olunmasın? O dövrdə 270-ə qədər qanunu hazırlayıb müzakirəyə çıxarmışdılar. Bunun 40-ı keçmədi. 230-nu qəbul etdilər. Çünki digərləri səs qazana bilmədi. Demək istəyirəm ki, tam şəkildə azadliq, demokratiya var idi. Digər tərəfdən isə biz parlamentli respublika idik. Parlamentdən kənarda heç bir qanun, qərar qəbul edilə bilməzdi. Bu da ölkənin həyatına yaxşı mənada müsbət təsir göstərirdi. İnsanların azad idarəçilik sistemini gücləndirirdi, vətən sevgisini artırırdı. Bizim Azərbaycan hökumətinin baş nazirlərinin hər birisi kifayət qədər idarəçilik təcrübəsinə malik olan insanlar idi. O parlamentdə təmsil olunan olunan hər bir insanın tərcümeyi-halına bir baxsanız görəcəksiz ki, onların bir çoxu vaxtilə Rusiya Dövlət Dumasının deputatları olmuşlar, yəni onların bu sahədə təcrübələri var idi və ya kifayət qədər qanunu bilən insanlar idilər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Sank Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi. AXC parlamenti nəinki bu günkü Azərbaycan parlamentindən, Şərq ölkələrində və müsəlman ölkələrində olan əksər parlamentlərdən öz səviyyəsinə görə yüksək idi və onun tərkibi də vətənsevər, azad insanlardan ibarət idi.
- Sizcə, Azərbaycan yenidən AXC dövründəki kimi parlamentli respublika ola bilərmi?
Məncə, dövlət quruluşu, strukturu baxımından Azərbaycan parlamentli respublika olmalıdır. Məmməd Əmin Rəsulzadə deyirdi ki, biz padşaha meyilli xalqıq, birini gətirib ölkənin başına qoysaq bütün xalq o dəqiqə ona pərəstiş etməyə, əl çalmağa başlayır. Parlamentli respublikada isə bunun bir az qarşısı alınır. Dünya dövlətlərinin “əldə etdikləri nailiyyətlərlə bağlı” sorğuya əsasən harada ki, parlamentli respublika mövcuddur orada demokratiyanın inkişafı prezident üsul-idarəsi olan ölkələrdən daha yüksəkdir.
- Hazırda Azərbaycanın parlament respublikasına çevrilməsi üçün hansısa addımlar atılırmı? Bunun üçün nə etmək lazımdır?
- Azərbaycanın parlamentli respublikaya çevrilməsi mənim arzumdur, amma bu istiqamətdə hələ heç nə edilmir. Onun olması üçün ciddi islahatlar aparılmalı, referendum keçirilməli, qanuni hüquqi baza hazırlanmalıdır.
- Bu günkü Azərbaycan Respublikası həqiqətənmi AXC-nin varisidir?
Konstitusiyamızda buna müəyyən bir işarə var ki, biz 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisiyik. Bizim qurduğumuz dövlət də həmin dövlətin davamçısı sayılmalıdır. Bayrağımız, gerbimiz, himnimiz o dövrdəkidir. Bu mənada bu günkü Azərbaycan dövləti əsası 1918-ci ildə Məmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Xalq Cumhuriyyətinin davamadır və bu yolu da davam etdirməlidir. İlk növbədə bu dövləti quranların mənəvi haqqı verilməlidir. İkinci növbədə bu dövlətin qurulmasında rol oynayan şəxsiyyətlərimiz Azərbaycanın bütün bölgələrində anılmalı, onların adı əbədiləşdirilməli, eykəlləri qoyulmalıdır. Heç olmasa məzarları başqa ölkələrdən gətirilib Azərbaycan torpağında dəfn edilməlidir. Bir nəfər də olsun Cümhuriyyət qurucusunun məzarı Azərbaycana gətirilməyib.
- Azərbaycan Xalq Cumhuriyyətin 95 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən necə razısınızmı?
- Yox əlbəttə ki. AXC-nin 95 illiyinə 2-3 gün qalır, amma biz heç Gül bayramı səviyyəsində bunu qeyd etməyə hazırlaşmırıq. Halbuki, bu daha önəmli məsələdir, nəinki digər bayramlar. Azərbaycan xalqının ən böyük bayramı 28 may Azərbaycanın İstiqlal günüdür. Mən buna çox təəssüf edirəm. Bu məni qətiyyən qane etmir. Heç bir xalq özünün yaranma gününü belə soyuq əhvalla qarşılamaz. Cümhuriyyətin 95 illiyini belə qarşılamazlar. Bu bizim adımıza ayıb olacaq məsələdir. Biz 28 Mayı belə qarşılamamalıydıq.
- Məmməd Əmin Rəsulzadə haqqında istər ali, istərsə də orta məktəb vəsaitlərində olan informasiyalar sizi qane edirmi?
- Bu mövzu ilə bağlı informasiyalar yetəri qədər deyil. Dərsliklərimizdə ciddi problemlər var. Təkcə Rəzulzadə ilə bağlı yox, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Azərbaycan Xalq Cumhuriyyətinin qurucular ilə. Elə AXC-nin özü ilə bağlı, bir sıra mövzular var ki, o mövzuların açılımı və tədris edilməsi ilə bağlı ciddi problemlər var. Mənə elə gəlir ki, ciddi işlər görülməlidir, əks halda bu məlumatlardan kənar kosmopolit gənclik formalaşa bilər.
Gülnar