Məzunlar iş axtarmasın

-mezunlar-is-axtarmasin-
Oxunma sayı: 2441


Tələbələr məzun olandan sonra iş axtarışına çıxır. Bəziləri öz ixtisasına uyğun iş tapır, digərləri isə qeyri-ixtisas sahələrinə üz tutur. Nəticədə, Ali məktəbi öz ixtisası üzrə bitirənlər kənarda qalır, qeyri-ixtisaslılar özlərinə aid olmayan sahələrə rəhbərlik edirlər. 

Bununla da riyaziyyat fakültəsini bitirən psixoloqluq edir, kitabxanaçılığı qurtaran zavod rəhbərliyinə qədər yüksəlir, üstəlik, buna “haqqının çatdığını” bəyan edir. Stomotologiya fakültəsini bitirən ginekoloqluq edir, ginekoloqluqu bitirən 1-2 aylıq kurs keçib adamların dişini düzəldir. Yəni, Əlinin papağı Vəlinin başına, Vəlinin papağı Əlinin başına qoyulur. Nə olursa-olsun iş tapmaq arzusu, sonra bu sahədə xaos yaradır. Üstəlik narazılıq formalaşır. Narazılıq bundan ibarət olur ki, ölkədə peşəkar kadrlar tapılmır. Əslində, ölkədə peşəkar kadrlar var. Sadəcə, o peşəkar öz işi ilə məşğul olmur, artıq başqa sahədə öz “qabiliyyətini mükəmməlləşdirir”. Bəs, digər ölkələrdə bu vəziyyətdən necə çıxırlar? Əvvəlcədən düşünülümüş siyasət varmı? Var. 

Bir sıra Avropa dövlətlərində Təhsil Karyera Mərkəzləri fəaliyyət göstərir. Həmin ölkələrdən Norveçi misal gətirə bilərəm. O ölkədə belə mərkəzlərə geniş səlahiyyət verilir. Mərkəz işlə təminolmada mühüm nailiyyətlər əldə etdiyinə görə məzunların hörmətini qazanıb. Xalq dili ilə deyilərsə, TKM-lər onların çörək ağacına çevrilib. Sözügedən təşkilatın siyahısında minlərlə məzunun adı var. Həmin mərkəzlər ölkənin bütün nazirlikləri ilə sıx şəkildə işləyirlər. Bəs, iş sistemi necə qurulur? 

Bax belə. Hansısa nazirlik Təhsil Karyera Mərkəzinə yazılı şəkildə məlumat verir ki, yaxın 3-4 ildə yeni müəssisəmizə filan sahələr üzrə işçiyə ehtiyac yaranacaq. Məlumatı alan Mərkəz filan institutun rəhbərliyi ilə danışıq aparır. Sonra mərkəzin 2 əməkdaşı və həmin müəssisənin əməkdaşları ilə birlikdə Ali məktəbdə görüş təşkil edilir. Gələcəkdə həmin sahələr üzrə işləmək istəyənlər görüşə gəlir. Yox, müəssisə rəhbərliyi onların biliyini yoxlamır, nə də sorğu-suala tutub hansı regiondan olmasını soruşmur. Görüş zamanı məlum olur ki, 10 tələbə həmin müəssisədə çalışmaq niyyətindədir. Müəssisə rəhbərliyi onlara əvvəlcədən bildirir ki, “siz dərsdən sonra müəssisəmizə gəlməlisiz”. 

Beləliklə, tələbələr dərsdən sonra həmin müəssisəyə gedir. Orada onlara iş prosesi öyrədilir, həm də məvacib yazılır. 6 aydan sonra müəssisə rəhbərliyi departament rəisindən hansı tələbənin daha perspektivli olmasına dair rəyini öyrənir. Departament rəhbərliyi 10 nəfərdən 6-nı saxlayır, digərlərinə məsləhət görür ki, daha gəlməsinlər. 6 nəfər isə hər gün dərsdən sonra bura gəlməkdə davam edir, həm oxuyur, həm də məvacib alır. Bununla da müəssisənin peşəkar işçi axtarışına vaxtı getmir. 

Ortaya sual çıxa bilər ki, axı hansısa müəssisəyə işçi lazım olanda, onlar özləri vakansiya elan edirlər. Bununla da, elanı oxuyan onlarla adam CV-lərini təqdim edir, vəssalam. Orada onları qəbul edir, sorğu-suala tuturlar, özlərinə sərf edənləri işə götürürlər. Amma Karyera Mərkəzlərinin fəaliyyəti daha zəngindir. Tələbə neçə il əvvəldən işə öyrədilir, üstəlik məvacib alır. Bir sözlə məzun olana qədər peşəkarlığa doğru addımlayır.

Bəzən Karyera Mərkəzləri özəl müəssisələrlə də əməkdaşlıq qurur. Hətta ölkə sərhədindən kənara çıxaraq müəssisələrə işçi təklif edirlər. 

Məsələn, Azərbaycanda Qafqaz Universitetinin bu sahədə atdığı addım təqdirəlayiq sayılmalıdır. Digər universitetlər nümunə götürsələr pis olmaz. Qafqaz Universiteti məzun günündə hansısa naziri qonaq çağırır. Onu tələbələrlə daha yaxından tanış edir. Bununla da həmin nazir məzunların işə düzəldilməsində yardımçı olur. Ölkənin iri universitetləri bu üsuldan istifadə etsələr, nəticə uğura doğru istiqamətlənər.

Bəzi ölkələrdə isə Müdafiə Nazirliyi internat evlərindəki uşaqların işlə təminatında mühüm rol oynayır. Yeri gəlmişkən, idman federasiyaları da internat evləri ilə sıx əməkdaşlıq qururlar. Nəticədə, valideynləri olmayan uşaqlar gələcək üçün sıxılmırlar, yetkinlik yaşına çatanda potensial cinayətkara çevrilmirlər. Əksinə, təşkilatlar onlardan Vətən üçün peşəkar hərbçi və idmançı yetişdirir. Bütün bu işlər nizamlı qaydada görülərsə, məzun - işləmək üçün digər ölkəyə üz tutmaq fikrinə düşməz, yaxud, qeyri-ixtisas sahələrinə rəhbərlik etməklə narazılıq yaratmaz. Necə deyərlər, Əlinin papağı elə Əlinin başında qalar.