İnsan bu qədər dəyərsizmiş?! -

-insan-bu-qeder-deyersizmis-
Oxunma sayı: 2042

 

İnsanları var edən onların arzularıdır, arzularla imkanlar üst-üstə düşməyəndə insanın faciəsi başlayır. İnsan oxuyur, təhsil alır, çalışır-vuruşur, cəmiyyətdə bir mövqe qazanmaq, həyatını arzularına uyğun qurmaq istəyir. Amma həyat insanın qarşısına o qədər problemlər, maneələr çıxarır ki, bir insan ömrü bu problemlərin həll olunmasına, maneələrin dəf edilməsinə yetmir. Bir vaxt gözünü açıb görürsən ki, gəncliyin artıq keçmişə çevrilib, gücün, qüvvən tükənib, arzular isə arzu olaraq qalıb. Öz qarşısına məqsəd qoymuş adam məqsədinə çata bilmirsə və bu uğursuzluğun günahı onda deyilsə, bəs çıxış yolu nədədir? 

Azərbaycan reallığında arzuların açarı puldur, pulu isə qazanmaq müşküldən müşkül işə çevrilib. Arzuların qarşısında Çin səddi ucaldılıb, sən bu arzulardan bilmərrə əl çəkməlisən. Sadəcə, başını aşağı salıb bir parça çörəyini qazan, vəssalam. Aldığın təhsil, bilik, intellekt sənin həyatını dəyişməyə qadir deyil. Atamın yaxın bir dostu vardı, Neft Daşlarında çalışırdı. Kişi rəhmətə gedəndən sonra onunla əlaqəmiz kəsildi. Bu yaxınlarda şəhərdə təsadüfən onunla üzbəüz gəldim. Çox dəyişmişdi, qocalmışdı. Məni tanımadı, özümü nişan verdim, gözləri doldu, atamla dostluğundan danışdı, keçən günləri xatırladı. Nimdaş geyimi diqqətimdən yayınmadı. Ağsaqqal, necə dolanırsan, deyə soruşdum. Kişinin elə bil dərdi təzələndi. Dedi ki, artıq təqaüddəyəm, oğlum, mən bütün həyatım boyu hər ayın başında maaşı gözləyən adam olmuşam. Həyatım dənizin qoynunda keçdi, amma təqaüdə çıxanda gördüm ki, mən bu illər ərzində heç nəyə nail ola bilməmişəm. Təzə işə başlayanda həyat şəraitim necəydisə, təqaüdə çıxanda da həmin vəziyyət idi. Bu illər ərzində mən maaşımdan bir qəpik də artırıb övladlarıma gün ağlaya bilmədim. 

Yüzlərlə, minlərlə bu taleyi yaşayan insanlar var. Ağsaqqalın söhbəti büsbütün əhvalımı korladı. Atam 45 il, ömrünün son gününəcən Neft Daşlarında çalışdı, ağır xəstəlik onu yaxalayanda biz onu xəstəxanaya yatırmaq üçün pul tapa bilmədik. Atam müalicə ala bilmədi. İndi bütün bunları xatırlamaq mənə çox ağır gəlir. Düşünürəm ki, yəni insan bu qədər dəyərsizmiş?!

Ötən əsrin 70-ci illərində SSRİ-dən Amerikaya mühacirət etmiş yazıçı Sergey Dovlatovun “Çamadan” əsərindəki cümlələri xatırladım: “Özümə o qədər yazığım gəldi ki, az qala, ağlayacaqdım. Axı mənim artıq otuz altı yaşım vardı. Bu otuz altı ilin də on səkkiz ilini işləmişəm. Nəsə qazanıb almışam və mənə elə gəlirdi ki, hansısa mülkiyyətə sahibəm. Amma nəticə - bircə çamadan. Özü də kifayət qədər balaca. Onda belə çıxır ki, mən dilənçiyəm? Bu, necə olur axı?!”

Doğrudan da, axı bu necə olur? Həyatımızda heç nə dəyişmirsə, bəs onda biz niyə oxuyuruq, niyə çalışırıq, niyə çarpışırıq, vuruşuruq? Nəyin naminə, nəyin uğrunda? Ən faciəvi məqam budur ki, mühacirət həyatı boyunca da Dovlatov yazdıqları əsərlərdən başqa heç bir mülkiyyətə sahib ola bilmədi. Amerika nəsrinin tanınmış nümayəndələrindən olan Çarlz Bukovskinin “Poçt idarəsi” romanını oxuyub bitirəndən sonra bu haqda dərindən düşünməyə başladım. Əsərin qəhrəmanı Henri Çinaski ömrünün on bir ilini poçt idarəsindəki işinə sərf edir. Ağır və məşəqqətli iş onun bütün enerjisini, gücünü, qüvvəsini alır. Nəhayət, işdən çıxmaq qərarına gəlir. 

Yazıçı qəhrəmanının dilindən yazır: “On bir il! Mən buraya gələndən bəri cibimdəki pul bir sent də artmayıb. ...Mən işin insanları necə gəmirib yediyini görürdüm. Onlar elə bil əriyirdilər”. Onunla birlikdə çalışan bir adamdan bəhs edərək yazır ki, o, bura gələndə gözəl bədən quruluşu vardı. İndi o adamdan əsər-əlamət qalmayıb. Təqaüdə çıxmağına isə hələ yeddi il var. Təqaüdə qədər sağ qalacağına ümidi yoxdur. Səbr və dözüm heç bir nəticə vermir. İşdən çıxadan sonra Çinaski roman yazmaq qərarına gəlir və oturub yazır. Bu mənasız həyata məna qatmağın yeganə yolunu roman yazmaqda görür. 

Bukovskinin söyüşlərlə zəngin romanını xəstəxanada oxudum və həm də özüm haqqında düşündüm. Mən sərasər iyirmi ildir ki, yazıram və ən çox çap olunan yazarlardan biriyəm. Düşündüm ki, iyirmi il əvvəllə müqayisədə mənim həyatımda yaxşılığa doğru nə dəyişib? Heç bir şey! Sadəcə, o vaxt subay idim, indi evliyəm. Cibimin pulu bir qəpik də artmayıb. Artan sadəcə, problemlər olub ki, bütün həyatım boyu o problemlərlə uğraşmışam və indi də xəstə halımla uğraşmaqdayam. Bu iyirmi ildə mənim həyatımda heç nə dəyişmədisə, bu qədər zəhmət və çaba göstərməyə dəyərdimi?!  

“Qafqazinfo”