AAAF-da 12 saat işıq yanmayıb - 100 minə yaxın borcları var

aaaf-da-12-saat-isiq-yanmayib
Oxunma sayı: 2817

AAAF Park Yaşayış kompleksinin sakinləri dünən 12 saat işıqsız qaldıqları üçün redaksiyamıza müraciət edib.  Onlar “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisinin kəsilməsinə səbəb kompleksin “Azərişıq” ASC-yə 90 min manat borcunun olmasıdır: 

“İşıq dünən səhər saat 11-də kəsildi, bir də axşam 11-də yandı. Kompleksin ümumi bir sayğacı var. Mənzillərimizə isə şirkət tərəfindən ayrı-ayrılıqda sayğac qoyulub. Borcumuzu ödəyirik, qeyri-rəsmi kağız verilir. Özü də biz elektrik enerjisinin dəyərini 7 yox, 9 qəpikdən ödəyirik.

Deyirlər, sakinlərin borcudur, əlimizdəki kağızları göstəririk. Bundan başqa, biz nə qədər işıq yandırmalıyıq ki, bir aya 90 min manat borc yaransın. Burada AAAF-ın obyektləri var və böyük ehtimal yaranmış borc ondan qaynaqlanır. Ancaq işıqsız qalan biz oluruq”.

Sakinlərin sözlərinə görə bu hal mütəmadi olaraq hər ay yaşanır:

"Biz hər ay bu vəziyyəti yaşayırıq. İşığımız sönəndə şirkətin elektrik müdirinə zəng vururuq, deyir, “Azərişıq”da qəza baş verib. “Azərişıq”a zəng vurduqda isə borca görə bağlandığını bildirirlər. Dünən dedilər ki, borc ödənməsə, bu gün də işığımız söndürüləcək”.

Tanrıverdi Mustafayev

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də “Qafqazinfo”ya deyilənləri təsdiqləyərək şirkətə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:

“Bəli, hazırda şirkətin bizə böyük miqdarda borcu var. Dəfələrlə xəbərdarlıq olunsa da, hər ay bu problemlə qarşılaşırıq. Ona görə də elektrik təchizatının verilməsi fərdi qaydada dayandırılır”.

Kənan Məstəliyev

AAAF Park Yaşayış kompleksinin mətbuat katibi Kənan Məstəliyev “Qafqazinfo”ya açıqlamasında sakinlərdən toplanmış elektrik borcunu “Azərişıq” ASC-yə ödədiklərini qeyd edib:

“Məsələnin başqa tərəfi də var. Belə ki, avqust ayı üçün heç bir yerə borcumuz yoxdur. Sentyabr ayı isə hələ bitməyib. Qanuna görə biz bu ödənişi borc yarandıqdan sonra qarşıdakı 10 gün ərzində, yəni ayın 30-na qədər ödəyə bilərik. Bizi bu qədər sıxmalarını anlamıram. Vaxt tamam olmamış, verilən müddət bitməmiş bu böyüklükdə kompleksi bilərəkdən işıqsız qoymaq heç bir məntiqə sığmır. Adıçəkilən orqanın belə təzyiq forması isə qəbuledilməzdir”.

Günel Hacı