Taliska və Keremin qolları kifayət etmədi - “Fənərbaxça” evində xal itirdi

taliska-ve-keremin-qollari-kifayet-etmedi
Oxunma sayı: 481

Türkiyə Super Liqasının 30-cu həftəsində “Fənərbaxça” öz meydanında “Rizespor”la heç-heçə edərək çempionluq yarışında kritik xal itirib.

“Qafqazinfo” xəbər verir ki, Şükrü Saraçoğlunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Oyunun ilk hissəsi qolsuz keçsə də, ikinci hissənin startında Ali Sove (47-ci dəqiqə) qonaqları önə keçirib. “Rizespor”un müdafiəçisi Samet Akaydının 72-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulması isə oyunun gedişatını dəyişib. Bir nəfər çoxluqda qalan “Fənərbaxça” 78-ci dəqiqədə Anderson Taliskanın penalti qolu ilə hesabı bərabərləşdirib. 86-cı dəqiqədə isə Kerem Aktürkoğlu səhnəyə çıxaraq “sarı-lacivərdlilər”i 2:1 hesabı ilə irəli çıxarıb.

Lakin matçın 90+8-ci dəqiqəsində Modibo Saqnanın vurduğu gözlənilməz qol istanbulluların qələbə sevincini yarımçıq qoyub. Bu nəticədən sonra “Fənərbaxça” 67 xalla ikinci pillədə qalıb və lider “Qalatasaray”dan 1 xal geri düşüb. “Rizespor” isə 37 xalla 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, növbəti turda “Fənərbaxça” “Qalatasaray”ın, “Rizespor” isə “Kayserispor”un qonağı olacaq.