Nərimanovda quru ağacların yerinə yeni ağaclar əkildi - Fotolar

nerimanovda-quru-agaclarin-yerine-yeni-agaclar-ekildi
Oxunma sayı: 662

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında quru və təhlükə yaradan ağacların götürülərək yerinə yeni ağacların əkilməsi həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Xidmət rəisi bildirib ki, quru və qəzalı ağacların götürülməsi istənilən ölkədə və şəhərdə baş verən təbii və zəruri prosesdir: “Bildiyiniz kimi, ağaclar canlı aləmə məxsusdur və onların bioloji ömrü mövcuddur. Bundan əlavə, torpağın münbitliyi, aqrotexniki qulluq və digər faktorlar da ağacların vəziyyətinə təsir göstərir. Bu səbəbdən müəyyən dövrlərdə ağacların quruması halları müşahidə olunur”.

H.Əlizadənin sözlərinə görə, qeyd olunan ünvanda vətəndaşlar üçün təhlükə yaradan quru ağacların götürülməsi Nərimanov Bələdiyyəsinin müraciəti əsasında Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi nəzərə alınmaqla həyata keçirilib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mövcud prosedur qaydalarına uyğun olaraq quru ağaclar götürülüb və ərazidə onların yerinə yeni ağaclar əkilib.

“Təbii ki, ağaclar götürüldükdən dərhal sonra əvəzləyici əkin aparmaq mümkün olmur. Əvvəlcə kötüklər çıxarılır. Kötüklər çıxarıldıqdan sonra ərazidə yeni ağacların əkilməsi həyata keçirilir. Bu, tam normal prosesdir və şəhərdə yaşıllıq faizinin azalmasından söhbət gedə bilməz. Əksinə, bu tədbirlər yaşıllıq fondunun yenilənməsinə xidmət edir və bütün işlər dövlət nəzarəti altında aparılır”, - Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, həmin ünvanda kəsilmiş quru ağaclar 2026-cı il 19 yanvar tarixində identifikasiya kodları ilə qeydiyyata alınaraq etiketlənib, inventarlaşdırılıb və portala daxil edilib. Hazırda isə ərazidə yeni əkilmiş ağaclar da sistem üzərindən qeydiyyata alınaraq identifikasiya olunub və portala yerləşdirilib.

H.Əlizadə qeyd edib ki, quru ağacların götürülməsi təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır: “Son vaxtlar intensiv yağışlar və küləkli hava şəraiti nəticəsində ağacların aşması, insanların və avtomobillərin üzərinə düşməsi kimi hallar baş verir. Bu səbəbdən təhlükə yaradan quru ağacların götürülməsi vacib tədbirlərdən biridir”.

Xidmət rəisi əlavə edib ki, ərazidə aparılan işlər çərçivəsində ağacların inventarlaşdırılması və identifikasiyası da həyata keçirilib. Belə ki, 2025-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə şəhər yaşıllıqlarının qeydiyyata alınması və identifikasiyası istiqamətində fəaliyyətə başlanılıb və bu məqsədlə agac.az portalı yaradılıb. Bu layihənin həyata keçirilməsi şəhər ərazisində yaşıllıqların uçotunun aparılması, görülən işlərin sistemli şəkildə izlənilməsi və bu sahədə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.