Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayı artıb

azerbaycanda-ana-sudu-ile-qidalanan-korpelerin-sayi-artib
Oxunma sayı: 855

Azərbaycanda ana südü ilə qidalandırılan körpələrin sayı artıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, 2005-ci ildə 3 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 30,5 min nəfər olduğu halda, 2011-ci ildə onların sayı 74,5, 2016-cı ildə 95,2 min nəfər olub. 2011-ci ildə bu körpələrin 52,5 min nəfəri, 2016-cı ildə isə 63 min nəfəri yalnız ana südü ilə qidalanıb.

Son illər ərzində 6 aya qədər körpələrin ana südü ilə qidalanması göstəricisində artım nəzərə çarpmasa da, 6 aya qədər körpələrin arasında yalnız ana südü ilə qidalanların sayı çoxalıb.

Ötən il 6 aya qədər körpələrin 73,9 min nəfəri ana südü ilə qidalanıb ki, onların da 41,5 mininə yalnız ana südü verilib. 2011-ci ildə isə ana südü verilən 71,1 min nəfər körpənin 40,5 min nəfəri yalnız ana südü ilə qidalanıb.

Ötən illər ərzində ana südü ilə qidalanan 2 yaşa qədər körpələrin də sayı çoxalıb. 2011-ci ildə 2 yaşa qədər körpələrin 6,6 min nəfəri ana südü ilə qidalandığı halda, 2016-cı ildə bu rəqəm 10 min olub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavəyə əsasən, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.

Bu hala görə cərimələr fiziki şəxslərə 150 manatdan 200 manatadək, vəzifəli şəxslərə 250 manatdan 300 manatadək, hüquqi şəxslərə 750 manatdan 1000 manatadək məbləğdə olacaq.

İndiyədək bu cərimə (qeyd edilən məbləğdə) yalnız süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə tətbiq edilib.